İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin Fitch Ratings Agentliyi (bundan sonra agentlik) tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilib. FED.az xəbər verir ki, Agentliyin qiymətləndirilməsinə əsasən Fondun uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq edilib.
Agentliyin "Hökumətlə əlaqəli şəxslərin reytinq meyarları"-na əsasən Fondun reytinqi Azərbaycan Respublikasının suveren reytinqinə bərabərdir. Bu, Fondun 100% dövlətə məxsus olması, Fondun fəaliyyətinə ciddi nəzarət olunması və Fondun ölkənin iqtisadi siyasətində strateji əhəmiyyətinə malik olması ilə əlaqədardır. Reytinq həmçinin, Fondun davamlı kapitallaşması və Mərkəzi Bankın Fondun emissiya etdiyi istiqrazlara verdiyi likvidlik dəstəyi şəklində olan dövlət dəstəyini əks edir.
Agentlik Fondun fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsini güclü olaraq qiymətləndilmiş və qurulduğu gündən etibarən hökumətin Fonda davamlı dəstək göstərilməsini qeyd etmişdir. Sahibkarların kreditlərinə təminat və hesablanmış faizlərə görə subsidiyaların verilməsi vəzifələri Fondun mandatına əlavə edildikdən sonra bu dəstəyin miqyası daha da artmışdır. 2018-ci ildə Fondun kapitallaşması məqsədilə dövlət büdcəsindən 100 mln. manat məbləğində vəsait ayrılmış və 2018-ci ilin sonuna kapitalı 466 mln. manata çatmışdır.
Agentliyin mülahizəsinə görə, orta müddətli dövrdə də kapital dəstəyi və Mərkəzi Bankın likvidlik dəstəyi şəklində Fondun dövlət tərəfindən dəstəklənməsi davam edəcəkdir. Qeyd olunanlarla yanaşı, Fondun gəlir vergisinin ödənilməsindən azad olunması və əldə edilən mənfəətdən sərbəst istifadə hüququ kimi dövlət dəstəyindən də faydalanır.
Əhalinin əlverişli şərtlərlə yaşayış sahələri ilə təmin edilməsinin Azərbaycan üçün prioritet məsələ olduğunu nəzərə alaraq, Agentlik hesab edir ki, dövlətin mənzil siyasətində Fond strateji əhəmiyyətə malikdir.
Fondun daxili fond bazarında mövqeyi güclüdür. Fond Maliyyə Nazirliyi və Mərkəzi Bankdan sonra daxili istiqraz bazarının üçüncü böyük iştirakçısıdır.
Fondun qeyri-kommersiya missiyasına baxmayaraq Agentlik hesab edir ki, Fond sağlam maliyyə vəziyyətini qorumağa davam edəcəkdir. Bu, müntəzəm dövlət yardımları, ucuz maliyyələşdirmə, Fondun ipoteka portfelinin keyfiyyəti və qənaətbəxş likvidlik mövqeyi ilə təmin olunacaqdır.
Fitch ratings İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqləyib
11:28
28 Fev 2019