“Vətəndaş 0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyib, borcu bağlayıbsa, iki məzənnə arasındakı fərq geri qayatrılacaq”.
FED.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın baş direktoru Rəşad Orucov “REAL TV”nin canlı efirində prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərmanı şərh edərkən deyib.
R.Orucov bildirib ki, əgər vətəndaş 0.78 məzənnə ilə dollar krediti alıb devalvasiyadan sonra 1.05 məzənnəsi ilə ödəyibsə, iki məzənnə arasındakı fərq vətəndaşa geri qaytarılacaq:
“Kredit tam bağlanıbsa fərq geri veriləcək. Devalvasiyadan öncə götürülüb ödənilən və ikinci devalvasiyadan sonra götürülən kreditlərə kompensasiya nəzərdə tutulmayıb”.
Mərkəzi Bank rəsmisi qeyd edib ki, söhbət devalvasiya zamanı götürülən dollar kreditlərindən gedir:
“Devalvasiyadan öncə və sonra götürülən kreditlərə kompensasiya nəzərdə tutulmayıb. 10 min dollardan çox olan kreditlərə də bu güzəştlər şamil edilmir”.
İqtisadçı Vüqar Bayramov məsələ ilə bağlı danışarkən bildirib ki, Fərmanda devalvasiya müddətində götürülmüş və artıq bağlanmış kreditlərə görə müddəa da yer alıb:
“Göstərilib ki, vəsait banka və fiziki şəxsin sərəncmaına ödənilsin. Bu o anlama gəlir ki, vətəndaş kredit borcunu bağlayıbsa, ödənilmiş artıq vəsait onun özünə qaytarılacaq. Söhbət devalvasiya müddətində götürülmüş və artıq bağlanmış kreditlərdən gedir”.
Ümumiyyətlə, bu fərmanın təxminən 850 minə yaxın fiziki şəxsi əhatə edəcəyi bildirilir.