Bu ilin I rübündə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3 182,1 milyon manat, büdcə xərcləri isə 2 519,9 milyon manat təşkil edib.
Eləcə də bax: Neft Fondunun gəlir və xərclərinə dair məlumat - Açıqlanıb
FED.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, yanvar-mart aylarında ARDNF neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı 2 468,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 696,6 milyon manat, bonus ödənişlərindən 765,9 milyon manat, tranzitdən isə 5,6 milyon manat gəlir əldə edib. Fondun vəsaitinin idarə olunmasından gəliri isə 714 milyon manat olub.
Hesabat dövründə ARDNF 2021-ci il üzrə büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 2 513,7 milyon manat vəsait transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,7 milyon manat vəsait yönəldib, Fondun idarə edilməsi ilə bağlı xərcləri isə 5,5 milyon manat təşkil edib.
Qurumun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar xərci isə 2 027,5 milyon manat olub.
Bu il aprelin 1-ə ARDNF-in aktivləri ötən ilin sonuna nisbətən 1,8% azalaraq 42 761,3 milyon ABŞ dollarına düşüb. Büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq aktivlərin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin dollara qarşı zəifləməsi olub. (Report)