Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Bu pulların böyük hissəsi Neft Fondu tərəfindən idarə edilir və müxtəlif xarici aktivlərdə (qiymətli kağızlar, səhmlər, qızıl, daşınmaz əmlak və s. ) saxlanılır. Bəs bu pulla nə almaq olar?
Hər bir Azərbaycan vətəndaşına 4 ədəd «iPhone X»
«Apple»nin yeni "bombası" əvvəlkilər kimi partlaması da, yenə də smartfon bazarının ən yaxşı məhsullarından sayılır. Hazırda bu telefonları 999 dollara almaq mümkündür. Bizim valyuta ehtiyatlarımız 42 milyon 42 min ədəd «iPhone X» almağa yetir. Ölkə əhalisinin sayının təqribən 9,9 milyon nəfər olduğunu nəzərə alanda, bu adambaşına 4 ədəd smartfon deməkdir.
Hər 64 nəfərə bir «Galendvagen»
Almaniyanın məşhur avtomobil istehsalçısının populyar modeli olan «Galendvagen» ölkəmizdə bir neçə ildir ki, məşhurlaşıb və ona sahib olmaq istənilən ölkə vətəndaşının arzısıdır. 2017-ci il istehsalı «Mercedes G 63 AMG»nin qiyməti 259 min dollar, avtomobilin bir kasko sığortasını da nəzərə alanda təqribən 270 min dollardır. Mühərrikinin həcmi 5,5 litr olan maşın 571 at gücünə malikdir. Azərbaycanın valyuta ehtiyatlarının həcmi 155 555 ədəd belə avtomobil almağa imkan verir. Ölkə əhalisinin sayını nəzərə alanda valyuta ehtiyatlarının hesabına hər 64 nəfərə 1 ədəd «Galendvagen» düşür.
Klublarımız üçün 159 Neymar
2017-ci ildə futbol bazarında ən böyük transfer Neymarın İspaniyanın «Barselona» klubundan Fransanın «PSG» klubuna keçidi oldu. Fransız komandasının ərəb sahibləri Neymarın keçidinə 220 milyon avro və ya 264 milyon dollar ödəyiblər. Bizim valyuta ehtiyatlarımızla Neymarın qimətinə 159 oyunçu almaq olar. Bu Azərbaycanın premyer liqasının bütün klublarına kifayət edir.
Adambaşına 98,2 qram qızıl
Hələ müstəqilliyin ilk illərində bəzi siyasətçilər neft gəlirləri hesabına ölkə ərazisinin bir neçə santimetr qalındığında qızılla örtüləcəyini bildirirdilər. Ölkəyə qızıl qatı çəkmək əlbəttə ki, mümkün olmadı, amma hazırki valyuta ehtiyatları ilə min tona yaxın qızıl almaq olar. Qeyd edildiyi kimi, valyuta ehtiyatlarının bir hissəsi qızılda saxlanılır. Hazırda dünya bazarında qızılın 1 unsiyasının (31 qram) qiyməti 1339 dollar ətrafındadır. Əgər valyuta ehtiyatlarını bütünlüklə qızıl almağa xərcləsək, bu pulla təqribən 972,2 ton qızıl almaq olar. Onu əhaliyə paylasaq, adambaşına 98,2 qram qızıl düşəcək.
Ehtiyatları 10 dəfə artırmaq imkanı varmış
Azərbaycanın rəsmi qurumları, o cümlədən Mərkəzi Bank kriptovalyutaları olduqca riskli bir alət sayır. Ona görə də hələlik valyuta ehtiyatlarının bitkoinə yatırılmasından söhbət gedə bilməz. Amma bu baş versə, bitkoinin indiki qiymətini nəzərə alsaq (9 380 dollar) bizim pullarla 4 milyon 477 min 612 bitkoin almaq olar.
Yeri gəlmişkən, pulları hələ bir il əvvəl bitkoinə (onda qiymət 1186 dollar idi) yatırmaqla 8-9 dəfə artırmaq olarmış. Bir il əvvəl ölkənin valyuta ehtiyatları 37,5 milyard dollar idi. Həmin pulla 31 milyon 618 min 887 ədəd bitkoin almaq olardı. Bitkoinin indiki qiymətini nəzərə alsaq, ona yatırılan pullar hazırda 296,6 milyard dollar edir. Amma, qeyd etdiyimiz kimi bitkoin çox riskli bir alətdir və bir neçə ay əvvəl baş verənlər bunu təsdiqlədi.
«Facebook»un, yoxsa BP-nin səhmləri?
Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi qiymətli kağızlarda, o cümlədən istiqraz və fond indekslərində saxlanılır. Amma hipotetik olaraq bu pulun hamısını «Facebook»un səhmlərinə yatırmaq da olar. Hazırda sosial şəbəkə nəhəngi sürətlə yeni sahələrə nüfuz edir və 2 milyarddan artıq olan istifadəçi ilə sektorunun lideridir. Şirkətin bir səhminin qiyməti 189 dollar, ümumi bazar dəyəri isə 538 milyard dollar təşkil edir. Azərbaycanın valyuta ehtiyatları ilə «Facebook»un 7,81%-ni almaq olar.
Valyuta ehtiyatlarını bizə bir qədər yaxın olan şirkətin – BP-nin səhmlərinə də yatırmaq mümkündür. Son məlumatlara görə, Azərbaycanın neft sektorunda ən böyük partnyorunun - «Əsrin müqaviləsi»nin operatoru olan BP-nin ümumi bazar dəyəri 131 milyard dollardır. Bizim ehtiyatlarımız bu şirkətin səhmlərinin 32%-ni almağa yetər.
Neft barel
Neft mövzusundan söhbət düşmüşkən, Azərbaycanın valyuta ehtiyatları neftin hesabına formalaşıb. Amma əgər biz valyuta ehtiyatlarımızla elə öz xam neftimizə (bir bareli 66,6 dollardır) yatırmaq istəsək, 630 milyon 630 min 630 barel nefti necə yerləşdirmək barədə düşünməliyik.
5 ulduzlu hoteldə yay istirahəti
Valyuta ehtiyatlarımızın manatla məbləği 71,4 milyard manatdır. Əgər bu pulları indiki kimi səhm və istiqrazlara, eləcə də qızıla yatırmayıb əhalinin istirahətinə sərf eləsək, çox maraqlı imkanlar ortaya çıxar. Məsələn, bu pulla ölkənin bütün əhalisi 5 ulduzlu «Quba Rixos»da göl mənzərəli standart otaqda (qiyməti 145 manatdır) düz 98 gün istirahət edə bilər. Bax bu əsl yay istirahəti olardı.
Bəlkə Ağ Şəhərə köçək?
Böyük pullar - böyük fantaziya deməkdir. Valyutu ehtiyatları ilə ölkə əhalisinin bir hissəsinə Avropa həyatı bəxş etmək olar, heç olmasa məhəllənin adı ilə olsa da. Bakıda ən müasir yaşayış məntəqəsinin paytaxtın mərkəzində tikilən Ağ Şəhər olması nəzərdə tutulur. Buranın özəllikləri dəfələrlə sadalandığından təkrarlamırıq. Ağ Şəhərdə evlərin bir kvadratının qiyməti ortalama təqribən min dollardır. Valyuta ehtiyatları burada 42 milyon kvadratmetr yaşayış sahəsi almağa imkan verir. Bu isə öz növbəsində sahəsi 100 kvadratmetr olan 420 min mənzil deməkdir. Ağ Şəhərdə bu sayda mənzilin olub olmadığını demək çətindir, amma mövcud olsaydı, valyuta ehtiyatları ilə alınan həmin mənzillərə 420 min ailə və ya 1,7 milyon nəfəri köçürmək olardı. Hərçənd, əvvəldə deyildiyi kimi, bu yalnız fantaziyadır.
Kolumbiya universitetində neçə nəfəri oxuda bilərik?
Amma pulları daha düzgün istiqamətə sərf etmək olar, məsələn təhsilə. Valyuta ehtiyatları hesabına Azərbaycanın 100 minlərlə gənci xaricdə təhsil ala bilər. Məsələn ABŞ-ın Kolumbiya universitetində 4 illik hüquq təhsili. Bunun 3 ili ilkin təhsil (illik 50 min dollar), 1 il isə magistratura təhsili (ili 65 min dollar) olmaqla təhsil haqqı ümumilikdə 215 min dollar edir.
Azərbaycanın valuta ehtiyatlarının həcmini nəzərə alanda bu qiymətlərlə düz 195 348 nəfər gənc Kolumbiya universitetində hüquq təhsili ala bilər. Digər ixtisaslardakı qiymətlərin nisbətən ucuz olduğunu nəzərə alsaq, valyuta ehtiyatları hesabına təhsil alanların sayı daha böyük ola bilər.