Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ölkədə ilk dəfə olaraq Maliyyə sərgisinin keçirilməsini təklif edib. FED.az xəbər verir ki, bu məsələ ASA-nın Müşahidə Şurasının bu gün keçirilən iclasında müzakirə edilib.
Görüşdə Azərbaycan Sığortaçılar Forumu və Maliyyə sərgisinin keçirilməsi ilə bağlı məsələ geniş müzakirələrə səbəb olub. Mustafa Abbasbəyli Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə maliyyə sərgisinin keçirilməsi niyyətində olduğunu bəyan edib. Bu sərgidə məqsəd maliyyə sektorunun bütün iştirakçılarının – bank, sığorta və investisiya şirkətlərinin, həmçinin, maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi, burada təmsil olunması və müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsindən ibarət olduğunu bildirib. Mustafa Abbasbəyli qeyd edib ki, Maliyyə sərgisi keçirilən günlərdə Azərbaycan Sığortaçılar Forumunun da keçirilməsi nəzərdə tutulub.