Azərbaycan hökuməti 2018-ci ildə beynəlxalq və kommersiya maliyyə-kredit təşkilatlarından $2 mlrd. 2,34 mln. məbləğində kreditin əldə olunmasını nəzərdə tutan 6 kredit sazişi imzalayıb. FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycan $3 mlrd. 420,98 mln. ümumi məbləğdə 8 kredit sazişi imzalayıb.
“2018-ci 7 layihənin maliyyələşdirilməsi məqsədilə $2 mlrd. 2,34 mln. məbləğində 6 saziş imzalanıb”, - hökumətdən bildiriblər.
Xüsusilə, ötən il Azərbaycan hökuməti AYİB ilə $450 mln., AİB ilə $400 mln. məbləğində 2 saziş imzalayıb.
Bundan əlavə, sindikatlaşdırılmış kreditin cəlb olunmasına dair ($750 mln.), Credit Suisse AG bankı ilə (134 mln. İsveçrə frankı), «Qazprombank» ilə ($260 mln.) məbləğində saziş imzalanıb.
Kredit vəsaiti “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi, dəmir yollarının inkişafı, Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidənqurulması, kimya sənayesinin modernləşdirilməsi, dəmir yolları parkının yenilənməsi məqsədilə cəlb olunub.
Ümumilikdə, 1994-2018-ci illər ərzində Azərbaycan hökuməti dövlət zəmanəti ilə $14 mlrd. 169 mln. məbləğində kredtlərə dair sazişlər imzalayıb. Bu vəsaitin $12 mlrd. 393,9 mln.-u sərf olunub.
Həmçinin, 2018-ci ildə Azərbaycan müxtəlif layihələr və proqramların reallaşdırılması üçün $16,758 mln. məbləğində qrant və texniki yardım alıb. Baxmayaraq ki, 2017-ci ilin yekunları üzrə 6 layihə və proqramın reallaşdırılması məqsədilə $41,69 mln. məbləğində qrant və texniki yardım əldə olunub.