Bu günə qədər Azərbaycanda 1 000-ə yaxın gənc Aqrar Məşğulluğun Artırılması Layihəsində (AMAL) iştirak etmək arzusunu bildirib və ilkin seçimdə uğurla keçmiş 300 gənc təlimlərə qoşulmaq imkanı qazanacaq.
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanın nümunəvi fermerlərini formalaşdırmaqdır: "Layihənin daha çox gənci əhatə etməsinə və onlara dəstək verməsinə çalışacağıq. Məqsədimiz gənclərin məşğulluğu və rifah halının yaxşılaşdırılmasıdır. İstəyirik ki, gənclər kənd yerlərindən şəhərə getmək məcburiyyətində qalmasın. Bizim üçün əsas seçim kriteriyası gənclərin kənd təsərrüfatı ilə məşğul olmaq həvəsinin olması və kənd yerlərində yaşamasıdır. Gənclərə kompleks dəstək göstəriləcək. Bu, gənclərin təşkilatlanması, onlara minimum baza biliklərinin verilməsi, seçdikləri sahədən asılı olaraq dəstək göstərilməsidir ki, bunlar da əkinçilik və heyvandarlıq ola bilər. Daha sonra isə onların mailiyyəyə çıxışı dəstəklənəcək".
M.Əliyev qeyd edib ki, gənclər mikro sahibkarlar kimi formalaşacaq. "Onlara 2 min manatdan başlayaraq çox da böyük olmayan maliyyə vəsaiti veriləcək. Bu nağd pul deyil, onların təsərrüfatları formalaşdırması üçün maddi texniki bazanın alınması və s. ola bilər. Həmçinin gənclərin innovativ ideyalarının reallaşdırılması üçün gələcəkdə qrantlar verilməsi nəzərdə tutulur. Layihələrə beynəlxalq və dövlət qurumlarının, aidiyyatı nazirliklərin marağı çoxdur. Bir çox özəl qurumlar da bizə müraciət edərək layihənin tərəfdaşına çevrilmək istəyir".