Çinin ən böyük internet şirkəti olan “Alibaba”nın səhmləri antimonopoliya pozuntularına görə rekord məbləğdə cərimə kəsilməsindən sonra bu gün 7-8% bahalaşıb.
Çin “Alibaba”nı - 2,78 Milyard Dollar Cərimələdi
FED.az “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:19-da “Alibaba” səhmlərinin qiyməti 7.16% artaraq hər səhm üçün 233.6 yuan (təxminən 61 manat) səviyyəsində qərarlaşıb. Bundan bir qədər əvvəl şirkətin səhmlərinin qiyməti 235,6 yuan olub (8% bahalaşma).
Çinin Bazar Nəzarəti və Tənzimləmə İdarəsi antimonopoliya pozuntularına görə şirkəti 18,23 milyard yuan (təxminən 4,7 milyard manat) məbləğində cərimələyib. Bu ölkə tarixində kəsilmiş ən böyük cərimədir.
İdarənin məlumatına görə, 2015-ci ildən “Alibaba” bazarda hakim mövqeyindən sui-istifadə edərək öz platformasında ticarət şirkətlərini "ikisindən birini seç" prinsipinə tabe olmağa məcbur edib. Bu prinsipə əsasən ticarət şirkətlərinə digər rəqib platformalarda mağazalar açmaq və ya reklam aksiyalarında iştirak etmək qadağan edilirdi.
“Alibaba Group” Çinin elektron ticarət sahəsində fəaliyyət göstərən ən böyük internet şirkətidir. Şirkət 1999-cu ildə iş adamı Cek Ma tərəfindən təsis edilib. Qrupa həmçinin “Alibaba Pictures”, Alibaba.com, AliExpress.com, Taobao.com, Tmall.com şirkətlərİ və internet platformaları daxildir.(report)