Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
FED.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən D.Xəlilov dövlət ittihamçısının suallarını cavablandırıb.
D.Xəlilov suallara cavab verərkən bildirib ki, yaratdığı MMC-lərin maliyyə təsərüfatı ilə bağlı audit yoxlamaları aparılıb, heç bir qanun pozuntuları aşkarlanmayıb.
O qeyd edib ki, "City Delorat" şirkəti Bakıda tikilən yaşayış binasının elektrik enerjisi ilə təmin olunması üçün layihələr həyata keçirib: "Həmin ərazi tamamiliə boşaldılıb, sakinlər oradan köçürülüb. Yaşayış binası tikiləndən sonra isə transformatorla təmin edilib".
Prokuror qeyd edib ki, "City Delorat" şirkətinə Beynəlxalq Bankdan 59 milyon manat kredit ayrılıb.
D.Xəlilov isə söyləyib ki, həmin pullardan 39 milyon manatı elektrik enerjisi ilə bağlı layihəyə, digər 10 milyon manat isə digər layihələrə xərclənilib.
Daha sonra digər təqsirləndirilən S.Hacıyev dindirilib. O bildirib ki, D.Xəlilovla tanış olub, sonra onun "General Consalting" şirkətində İT mütəxəssisi kimi çalışıb: "Dünyamin Xəlilov deputat seçiləndən sonra işdə hüquqşünas mənə bir sənəd gətirib qol çəkdirdi. Mən də harasa tələsirdim deyə sənədə imza atdım. Sonra Dünyamin müəllim bizi otağına dəvət edib, məni "Sigma line" şirkətinə direktoru təyin etdiyini söylədi. Düzdü, mən də sevindim. Bir qədər keçəndən sonra dəhlizdə olan zaman mühasibatçı sənəd gətirdi. Dedi ki, Dünyamin Xəlilov ona qol çəkməyimi istəyir. Mən də sənədə baxmamış qol çəkdim. Sonra sənədlərlə maraqlandım. Bildirdilər ki, Gürcüstanda çoxmərtəbəli binanın tikilişi üçün bankdam kredit götürülməlidir".
O söyləyib ki, 2008-ci ildə Tədris Mərkəzindən ona iş təklifi gəlib, şirkətdən ayrılmaq üçün D.Xəlilova müraciət edib: "Mən şirkətdə 600 manat maaş alırdım. Dünyamin müəllim mənə işdən çıxmağa icazə vermədi, şirkətin direktoru kimi qalmağımı istədi. Mən başqa yerdə çalışan zaman Dünyamin müəllim banka gedib, kredit sənədlərinə qol çəkməyimi dedi. Mən də gedib, qol çəkib, pulları ona verdim".
Sualları cavablandıran S.Hacıyev qeyd edib ki, 2000-2005-ci illərdə Ağır Cinayətlərə dair Məhkəmədə məhkəmə nəzarətçisi vəzifəsində çalışıb. Onun sözlərinə görə, hazırda adı şirkət direktoru vəzifəsində qalıb: "Bilmirəm işdən ayrılmaq üçün kimə müraciət edim".
Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxsin dəhlizdə imzaladığı kredit sənədi 9 milyon manatlıq olub: "Digər kredit sənədi isə 3 milyon manatdan çox olub".
Prosesdə təqsirləndirilən S.Rəsulov da dindirilib. O vurğulayıb ki, D.Xəlilovun şirkətində rəhbər vəzifədə çalışıb, Beynəlxalq Bankdan 40 min manat kredit götürməkdə ittiham olunur: "Mən sadəcə banka mühasiblə gedib, sənədlərə qol çəkmişəm. Dünyamin Xəlilov rəhbərimiz olub. O, dövlət və sosial layihələri həyata keçirirdi. Ona bir rəhbər kimi inanmışam. Amma götürülən pulların nəyə xərcləndiyini bilmirdim. Dünyamin Xəlilovun göstərişlərini həyata keçirirdim. Sonra biz əmlak satıb, banka 610 min manat nəğd şəkildə ödəmişik".
S.Rəsulov deyib ki, D.Xəlilovun şirkətində direktor kimi çalışan zaman 600 manat maaş alıb.
Suallara cavab verən S.Rəsulov bildirib ki, C.Hacıyevi yalnız televizorda görüb.
Prosesdə fasilə elan olunub.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.