Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Malların risk qruplarının təyin edilməsi meyarları” uyğunluğun qiymətləndirilməsi zamanı sahibkarlıq sahəsində səmərəliliyin qorunmasına hədəflənib.
Malların risk qruplarının təyin edilməsi meyarları - TƏSDİQLƏNİB - SİYAHI
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Meyarlar malların insan həyatı və sağlamlığı, ətraf mühit, əmlak və dövlət maraqlarına yarada biləcəyi təhlükənin dərəcəsindən asılı olaraq, qeyri-qida istehlak mallarının yüksək, orta və aşağı risk qrupları üzə təsnifatının aparılmasına imkan yaradacaq. Yalnız yüksək riskli malların sertifikatlaşdırılması istehsal, idxal və ixrac ilə məşğul olan yerli təsərrüfat subyektləri üçün əlavə xərc və vaxt itkilərinin qarşısının alınmasına hesablanıb", - deyə M.Abbasbəyli qeyd edib.
Onun sözlərinə görə, uyğunluğun qiymətləndirilməsində risk əsaslı yanaşmanın tətbiqi ilə biznes subyektlərinin sərbəst ticarət imkanları genişlənəcək.