Azərbaycan hökuməti dövlət büdcəsinin strukturunu, daha dəqiqi gəlir mənbələrini dəyişməyə start verib.
Eləcə də bax: «Fitch Ratings» Azərbaycan iqtisadiyyatı və büdcəsi haqqında – TAM MƏTN
FED.az xəbər verir ki, büdcənin hökumətin bir qədər əvvəl planlaşdırdığı, amma pandemiya səbəbindən bu il baş tutmayan yenilik gələn ilin büdcəsində əksini tapmalıdır.
Yenilik, büdcənin Neft Fondunun gəlirlərindən asılılığının azaldılması, mənbələrin çeşidinin artmasını, eləcə də büdcə kəsirinin bağlanması üçün digər alətlərdən daha geniş istifadə olunmasını nəzərdə tutur. Əsas dəyişikliklərdən biri dövlətə məxsus əmlak və torpaqların satışının sürətləndirilməsi olacaq.
2021-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı işlər artıq başlayıb. Büdcə hazırlığı və ona nəzarət prosesinə getdikcə daha yaxından cəlb olunan (yəni əvvəlki illərdəki passiv müşahidəçi rolunu dəyişməyə başlayan) Hesablama Palatası gədən ilin büdcəsi ilə bağlı baxışlarını açıqlayıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov xatırladıb ki, son 3 ildə büdcə xərcləri 22-25 mlrd. manat arasında dəyişir, və burada neft gəlirləri hələ də üstün paya malikdir. Palata sədri bildirir ki, növbəti ilin büdcəsində xərclər mütləqn optimallaşdırılmlıdır: «Belə ki, bu xərclərin həcminin son 3 ildə əvvəlki dövrlə müqayisədə əhəmiyyətli artması, sosial-iqtisadi problemlərin həllinin dövlətin əsas məqsədi olması nəzərə alınmaqla, böyük büdcənin optimal və çevik struktura malik olması da vacib şərtdir».
Palata sədri bildirib ki, 2021-ci ildə büdcənin gəlir mənbələrində dəyişikliklər başlayacaq: «Dövlət Neft Fondundan dövlət büdcəsinə yönəldilən transfertlərin mərhələli şəkildə azaldılması, qeyri-neft gəlirləri hesabına əvəz olunma və cari ildən institusional islahatlara start verilməsi ilə özəlləşdirmə, özəl investisiyanın cəlbi ilə bağlı tədbirlərin sürətlənməsi 2021-ci ilin büdcəsi üçün yeni çağırışlar kimi qəbul edilməlidir».
Palata sədri işarə edib ki, indiyədək özəlləşdirmədən büdcəyə ciddi vəsait daxil olmayıb iri daxil olmalar yalnız devalvasiyadan sonra başlayıb. Belə ki, Hesablama Palatasının hesablamalarından məlum olur ki, son iyirmi ildən artıq müddətdə özəlləşməsindən büdcəyə daxilolmalar bir milyard manat məbləğindədir. Bu vəsaitin 30%-i devalvasiyadan sonrakı üç ildə daxil olub. Özəlləşdirmədən ümumi daxilolmanın da 37%-i torpaq sahələrinin satışından əldə edilib. V.Gülməmmədovun sözlərinə görə, hər il büdcəyə özəlləşdirmədən azı 1 milyard manat dax il olmalıdır: «Hesab edirik ki, növbəti illərdə kəsirin maliyyələşdirilməsi üçün bu mənbədən daxilolmalar hər il üçün ən azı göstərilmiş məbləğdə olmalıdır».
Palata rəhbəri açqılayıb ki, 2021-ci ilin büdcəsi büdcə siyasətində dönüşün ilk ili olacaq. Bu keçid dövründə özəlləşdirmə gəlirləri ilə yanaşı, kəsirin maliyyələşdirilməsi məqsədilə digər mənbələrə, məsələn, əlavə borclanmaya müraciət edilə bilər.
Amma bunun üçün növbəti illərdə dövlət borcu üzrə risklər müəyyənləşdirilməli və mümkün təhdidlər konkretləşdirilməli, bununla bağlı strategiya tərtib edilməli və xərclərdə nəzərə alınmalıdır.
«Daxili mənbələr hesabına borclanmanın məhdud olması, xarici borclanma hesabına maliyyələşmənin artması ilə bağlı gözləntilər mövcuddur. Bu səbədən atılacaq bütün addımlar və icra ediləcək vəsaitlər risklərin minimallaşdırılması məqsədinə xidmət etməlidir. Əminəm ki, hökümət borclanmanı idarə olunan səviyyədə saxlayacaqdır-deyə Palata sədri bildirib.
Palata sədri xatırladıb ki, büdcə vəsaitinin hər manatının xərclənməsinə nəzarət edilməlidir. «Cənab Prezident tərəfindən son müşavirələrdə dövlət xərclərinə nəzarət və dövlət maliyyəsinin hər bir manatının əsaslandırılması bir tələb kimi müəyyən edilmişdir. Bu tapşırıqların 2021-ci ilin dövlət büdcəsində birmənalı olaraq nəzərə alınması, büdcə şəffaflığı və hesabatlılığının yüksəldilməsi məqsədilə zəruri məlumat və sənədlərin sayının artırılması vacibdir».