Prezident İlham Əliyev noyabrın 14-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratovu qəbul edib.
FED.az xəbər verir ki, dövlətimizin başçısı ilk növbədə Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, həmin tədbir çərçivəsində Özbəkistan Prezidenti ilə görüşünü məmnunluqla xatırladı.
Dostluq və qardaşlıq münasibətlərimizin gündəliyinin çox geniş olduğunu və müxtəlif istiqamətləri əhatə etdiyini deyən Prezident İlham Əliyev iqtisadi, sənaye, o cümlədən sənaye kooperasiyası, kənd təsərrüfatı və digər sahələrdə nəzərdə tutulan birgə layihələrin önəmini qeyd etdi.
Dövlətimizin başçısı Laziz Kudratovun ölkəmizə səfəri zamanı qarşıdakı illərdə əməkdaşlığın gündəliyi və qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirdi.
Laziz Kudratov ilk növbədə Özbəkistan Prezidentinin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.
Qonaq Azərbaycan və Özbəkistan prezidentləri arasında mövcud olan dostluq münasibətlərinin əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qalxması üçün möhkəm əsas yaratdığını bildirdi, hər iki dövlət başçısının qarşılıqlı səfərlərinin və görüşlərinin strateji əlaqələrimizin möhkləmləndirilməsi baxımından önəmini qeyd etdi.
Laziz Kudratov vurğuladı ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi iqtisadi uğurlar və əhalinin rifah halının daha da yaxşılaşdırılması Özbəkistanda böyük sevinc doğurur. Qonaq, eyni zamanda, qeyd etdi ki, özbək xalqı Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı qürur hissi ilə izləyib. Azərbaycan Prezidentinin qətiyyəti və möhkəm iradəsi, uğurlu siyasəti nəticəsində tarixi ədalətin bərpa edilməsinin mümkün olduğunu vurğulayan Laziz Kudratov Şuşa və Füzuliyə səfərləri zamanı orada gedən böyük yenidənqurma və bərpa işlərinin şahidi olduğunu dedi.
Görüşdə sənaye kooperasiyası, iqtisadi, ticari, nəqliyyat, logistika əlaqələrinin dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıldı.