Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi ölkəyə 2-dən artıq eynicinsli malların gətirilməsinə icazə verilməməsi ilə bağlı məlumatlarla bağlı açıqlama yayıb.
FED.az xəbər verir ki, açıqlamada qeyd olunur ki, Nazirlər Kabinetinin 305 saylı qərarı 2013-cü ildə qüvvəyə minməsinə və qüvvəyə mindiyi andan tətbiq edilməsinə baxmayaraq sənəd şərh edilərkən məhdudiyyətlərin yeni olduğuna dair iddialar irəli sürülür. Halbuki bununla bağlı indiyə qədər DGK tərəfindən onlarla açıqlamalar verilib, reklam çarxları hazırlanıb, hətta gömrük xidmətinin jurnalistlər üçün təşkil etdiyi təlimlərdə bu qərardan ayrıca bəhs olunub.
Ən çox müzakirə edilən məsələ isə qeyri-kommersiya, yəni şəxsi istifadə məqsədilə və 305 saylı qərarda nəzərdə tutulandan artıq miqdarda gətirilən mallarla bağlıdır. Belə ki, istər KİV-də, istərsə də sosial şəbəkələrdə bəziləri qanunvericlikdə nəzərdə tutulandan artıq miqdarda gətirilən malların müsadirə ediləcəyini, bəziləri anbara vurulacağını, bəziləri geri qaytarılacağını bildirirlər. Bu məsələ Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“ haqqında 305 saylı qərarında aydın şəkildə öz əksini tapıb.
Eləcə də bax: «Sayı 3-ü keçsə, müsadirə olunub, anbara vurulacaq» - GÖMRÜKDƏN AÇIQLAMA
Qərarın 1.5 bəndində bildirilir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir.
Yəni gömrük sərhədinə idxal nəzarəti zonasından daxil olan hər bir şəxsin gətirdiyi eynicinsli malların miqdarı nəzərdə tutulan miqdardan-yəni 2 ədəddən artıq olarsa, həmin şəxsin hansı mütəmadiliklə xaricə səfər etdiyi, hansı malları gətirdiyi müəyyənləşdirilir. Qanunvericilik miqdardan artıq olan malların kommersiya yaxud qeyri-kommersiya məqsədləri üçün gətirildiyini müəyyən etməyi də xüsusi qaydalar əsasında gömrük orqanına həvalə edib.
Gətirilən malların dəyəri qanunda nəzərdə tutulandan artıq olduqda isə 305 saylı qərarın 2.2 bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir.
Yəni malların şəxsi istifadə məqsədilə gətirildiyi müəyyən edilərsə, 3-cü və daha artıq malların gömrük dəyərinə əsasən hesablanan gömrük ödənişi həyata keçirilir və ya gətirlən 1 və ya 2 ədəd malın dəyəri 1500 ABŞ dollarından çoxdursa, ümumi gömrük dəyərindən 1500 dollar çıxılır və qalan məbləğə görə gömrük ödənişləri həyata keçirilir.
Eyni zamanda malların kommersiya məqsədilə gətirildiyi müəyyən edilərsə, həmin mallar akt tərtib edilərək saxlanc anbarına qoyulur və ekspertizanın rəyinə əsasən müvafiq qərar qəbul edilir.