Çin hökuməti 2021-ci ilin ilk rübündə ölkədə rekord səviyyədə - illik ifadədə 18,3% iqtisadi artımın olduğunu açıqlayıb.
FED.az xəbər verir ki, bu ilk növbədə ötən ilki enmə ilə bağlıdır, nəticədə artım daha güclü olub. Ekspertlər bildirirlər ki, qarşıdakı aylarda belə artımlar bir sıra ölkələrdə baş verəcək, çünki böhrandan sonra bərpa prosesi gedir.
Eləcə də bax: Çin əcnəbilər üçün rəqəmsal valyutaya keçir
Çinin Statistika idarəsi xəbər verir ki, birinci rübdə ölkədə 24,93 trilyon yuan, yəni 3,8 trilyon dollarlıq ÜDM istehsal edilib. Bloomberg artıq bu göstəricini indiyədək müşahidə olunan ən böyük rəqəm olduğunu açıqlayıb. Xatırladaq ki, 2020-ci ilin ilk rübündə Çin iqtisadiyyatında enmə 6,8% olmuşdu. Bunnula yanaşı, əgər 2020-ci ilin 4-cü rübü ilə müqayisə eləsək, 2021-ci ilin 1-ci rübündə iqtisadi artım cəmi 0,6% təşkil edib.
Belə sürətli illik artımın səbəbi ötənilki eniş, eləcə də bu il iş günlərinin saynıın çox olmasıdır. Məsələ bundadır ki, əvvəlki illərdən fərqli olaraq bu il Çin Yeni İli günlərində də istirahət olmayıb və insnalar işlərinə davam ediblər. Digər səbəb bu dövrdə ölkədə yeni infrastruktur layihələrinə start verilməsidir.
Bu dövrdə Çində pərakəndə satışlarda 34%, sənaye istehsalı 24,4%, kənd təsərrüfatı 8,1%, xidmətlər sektorunda 15,6% artım olub, ölkəyə yatırımlar isə 25,6% faiz artaraq bir rüb ərzində 1,47 trilyon dollar təşkil edib.
Ekspertlər bildirir ki, oxşar artımlar digər ölkələrdə də olacaq. Belə ki, pandemiyaya qədər Çində illik iqtisadi artım orta hesabla 6% idi, 1-ci rübdə 18,3% oldu, ABŞ-da isə illik iqtisadi artım 3% idi və orada birinci rübdə artım 10-11% gözlənilir.