Türk Dövlətləri Təşkilatının liderlərinin qərarı ilə Türk İnvestisiya Fondu yaradılıb və təşkilatın keçmiş baş katibi Bağdad Amreyevi Fondun rəhbəri təyin edilib.
Türkiyənin məşhur holdinqi Azərbaycanda - MƏHKƏMƏYƏ VERİLDİ
FED.az xəbər verir ki, bu qərar ötən həftə Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının 9-cu sammitində imzalanıb.
«Türk İnvestisiya Fondu türk dövlətləri tərəfindən yaradılan ilk və əsas ortaq maliyyə qurumu olacaq və təşkilata üzv olan Türk dövlətlərinin iqtisadi potensialını onlar arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək və birgə layihələr həyata keçirmək üçün səfərbər etmək məqsədi daşıyır»-deyə təşkilatın bəyanatında bildirilir.
Fond əsasən kiçik və orta biznesi (KOB) Fondun vəsaitləri və digər səlahiyyətli maliyyə institutları vasitəsilə maliyyələşdirməklə dəstəkləyəcək.
Söhbət əsasən kənd təsərrüfatı, logistika və nəqliyyat, enerji səmərəliliyi, bərpa olunan və alternativ enerji, informasiya və kommunikasiya texnologiyaları istehsalında sənaye layihələri, turizm, infrastruktur layihələri, dövlət-özəl tərəfdaşlıq layihələri, insan inkişafı, yaradıcı sənayelərə aiddir.
Bu arada Qırğızıstanın Türkiyədəki səfiri Kubanıçbek Omurəliyev təşkilatın yeni baş katibi təyin edilib. Bazar ertəsi qrupun İstanbuldakı mənzil-qərargahında təhvil-təslim mərasimi keçiriləcək və Omuraliev bu vəzifəni sələfi Amreyevdən təhvil alacaq.
Türk Dövlətləri Təşkilatı türkdilli ölkələr arasında siyasət, iqtisadiyyat, elm, təhsil, nəqliyyat və turizm sahələrində əməkdaşlığı genişləndirmək məqsədi ilə yaradılmış dövlətlərarası blokdur.
Onun üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası müşahidəçi statusuna malikdir.