Bu ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-sentyabr aylarına nisbətən 2,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,2%, qeyri-ərzaq məhsulları üzrə 1,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,1% olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1%, əvvəlki ilin sentyabr ayına nisbətən 2,6% təşkil edib.
Bu ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2%, əvvəlki ilin sentyabr ayına nisbətən 4,3% olub
Bu ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, qarabaşaq yarmasının, təzə və dondurulmuş balığın, brınza pendirinin, kəsmiyin, portağalın, bananın, gavalının, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, mərcinin, ucuzlaşma isə əsasən limonun, naringinin, almanın, armudun, heyvanın, narın, üzümün, çiyələyin, kivinin, kələmin, balqabağın, göy lobyanın, sarımsağın, arağın, pivənin qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bu ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, əvvəlki ilin sentyabr ayına nisbətən 1,4% olub.
2020-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, əvvəlki ilin sentyabr ayına nisbətən 101,2% təşkil etıb. (Report)