Bu gün Bakıda Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Azərbaycan-Yaponiya investisiya işə başlayıb.
FED.az xəbər verir ki, tədbiri giriş sözü ilə Konfederasiyasının prezidenti Məmməd Musayev açıb.
O qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş rayonlarında quruculuq işləri uğurla davam etdilir, ən son texnoloji yeniliklər əsasında “Ağıllı kənd” və “Ağıllı Şəhər” layihələri reallaşdırılır.
“Qarabağda və Şərqi Zəngəzurda müasir şəhərsalma standartlarına uyğun görülən quruculuq işləri, iqtisadiyyatın bərpa edilməsi və dirçəldilməsi üçün böyük investisiya imkanları yaradır. Şübhəsiz ki, bu imkanlar barədə bugünkü tədbirdə yapon investorlara da məlumat veriləcək”, - M.Musayev deyib.
ASK prezidentinin sözləreinə görə, Yaponiya şirkətləri Azərbaycanın energetika (neft-qaz) sektorunda aktiv fəaliyyət göstərir, eləcə də ölkəmizdə ekoloji və infrastruktur layihələrinə dəstək verir, azərbaycanlı mütəxəssislərinin hazırlanmasında yaxından iştirak edirlər.
“2020-ci ilin yekunlarına görə, Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsinin dəyhəri 200 milyon ABŞ dolları olub. Yapon investorların təsis etdiyi “TET International Development” şirkəti ASK-nın fəal üzvlərindən biridir. Son iki ildə şirkət Zaqatala, Şəki, Oğuz və Tovuz rayonlarında 4 tütün emalı müəssisəsi açaraq ümumilikdə 10 milyon dollardan artıq investisiya yatırıb”, - o əlavə edib.
Azərbaycan-Yaponiya investisiya forumunda Milli Məclisin üzvü Qənirə Paşayeva, Yaponiyanın Azərbaycandakı Səfirliyinin İqtisadi Şöbəsinin rəhbəri Amada Şuniçi, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin I müavini Natiq Həsənov, “TET International Development” şirkətinin rəhbəri Taro Savada da iştirak edir.
Xatırladaq ki, ötən ayın əvvəlində Yaponiya investorlarının ilk qrupu ölkəmizə biznes səfəri edib. ASK onları Azərbaycanın investisiya imkanları ilə tanış edib, Şəki və Zaqatala rayonlarında görüş keçirməsinə dəstək verib. Görüşlərin nəticəsi olaraq, bəzi qeyri-neft sektoru məhsullarının Yaponiyaya ixracı barədə ilkin razılıqlar əldə olunub. (Report)