Azərbaycanda 2026-cı ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı və ümumiyyətlə iqtisadiyyatın vəziyyəti ilə bağlı ilkn məlumatlar açıqlanıb.
EBRD: 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatındakı artım sürətlənəcək
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-fevral aylarında ölkədə 18 milyard 473 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Stitistika Komitəsinin məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% artıqdır.
Bununla yanaşı, FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, 2025-ci ilin analoji dövrində, yəni yanvar-fevral aylarında ölkədə 19 milyard 72 milyon manat həcmində ümumdaxili məhsul istehsal edilmişdi.
Başqa sözlə, ölkə iqtisadiyyatında məbləğ ifadəsində artım deyil, əksinə, 600 milyon manat və ya 3,1% azalma baş verib.
Dövlət Statistika Komitəsi bu uyğunsuzluğu özünəməxsus şəkildə izah edib. «İqtisadiyyatın məbləğ ifadəsində həcmi azılıbsa artım necə formalaşıb?» sualına Komitənin izahında bildirilir ki, məhsul və xidmətlərin fiziki həcmi baxımından istehal doğrudan da 0,3% artıb, amma həmin məhsulun qiyməti azaldığına görə, məbləğ ifadəsində azalma baş verib.
Məsələn, şərti olaraq 2025-ci ilin ilk 2 ayında ölkədə 100 barrel neft hasil edilib. Həmin vaxt neftin 1 barrelinin qiyməti 80 dollar olduğuna görə, 100 barrel neftin ümumi qiyməti 8000 dollar olub. 2026-cı ilin həmin dövründə isə 110 barrel neft hasil edilib, amma neftin qiyməti məsələn 70 dollar olub. Nəticədə 110 barrel neftin ümiumi qiyməti 7700 dollar təşkil edib.
Beləliklə, 2026-cı ildə neft hasilatı həcm baxımından 10 barrel artsa da, hasil edilən neftin ümumi qiyməti 2025-ci ildəki 8000 dollar əvəzinə 2026-cı ildə 7700 dollar olub.
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanq iqtisadiyyatında da təxminən həmin proses baş verib, istehsal həcmi artsa da, onun ümumi məbləği azalıb. Statistika Komitəsi isə təbii ki, artım olan göstəricini önə çəkib.
Komitənin məlumatına görə, ilk 2 ayda Azərbaycan iqtisadiyyatında neft sektorunda 1,7 faiz azalma, qeyri neft-qaz sektorunda isə 1,4 faiz artım olub.
Xatırladaq ki, 2025-in ilk iki ayında neft-qaz sektorunda 2,7 faiz azalma, qeyri neft-qaz sektorunda isə 1,7 faiz artım olmuşdu.
Son vəziyyətə görə, ölkə iqtisadiyyatında 32,7 faizi sənaye, 11,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi tikintinin payına düşüb.
2025-in eyni dövrü ilə müqayisədə sənayenin payı azalıb (ötən il 38,5% olmuşdu), ticarətin payı artıb (ötən il 10,1%), nəqliyyat və anbar təsərrüfatının payı artıb (ötən il 6,9%), tikintinin payı azalıb (ötən il 4,6%).
İqtisadiyyatın 3,2 faizi kənd təsərrüfatı və balıqçılıq (ötən il 2,9%), 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə (ötən il 2,5%), 2,1 faizi informasiya və rabitə sahələrinin (ötən il 1,9%), 24,1 faizi digər sahələrin payına düşüb (ötən il 22%).
Bu il Azərbaycanda məhsula və idxala xalis vergilər ÜDM-in 12,3 faizini təşkil edib, bu göstərici ötən il 10,6% təşkil etmişdi.
Daha bir vacib göstərici – 2025-in ilk 2 ayının nəticələrinə görə, əhalinin hər nəfərinə düşən ÜDM 1864,7 manata bərabər olub. Amma 2026-cı il üzrə bu rəqəm açıqlanmayıb – FED.az-ın apardığı hesablamaya əsasən bu il həmin göstərici təqribən 1800 manat təşkil edib.












