Bakının “Ukrayna dairəsi” yaxınlığında yerləşən Heydər Əliyev parkı genişləndirilir.
Eləcə də bax: Bakıda yeni “Alov qüllələri parkı” tikilir, belə olacaq – FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.
Onun sözlərinə görə, yay aylarında parkın 2 hektar ərazisində abadlıq və genişləndirmə işləri aparılıb. Yaxın günlərdə isə həm böyüklər, həm də uşaqlar üçün idman və əyləncə qurğuları, söhbətgahlar və müasir işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulur: “Parkın ümumi ərazisi 14 hektardır. İşlərin bir neçə aya yekunlaşacağı planlaşdırılır.
Həmçinin, parkın relyefinə uyğun olaraq, kütləvi tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün amfiteatr qurulur. Artıq bu istiqamətdə işlərə başlanılıb”.
P.İmanov bildirib ki, parkın ərazisinin böyük hissəsinə yaşıl örtük vurulacaq, bitki və ağaclara aqrotexniki qulluq üçün su xətləri çəkiləcək: “İstirahətə gələn insanların rahatlığını təmin etmək üçün avtomobil dayanacağı da nəzərdə tutulur. Həmçinin, hazırlıq işləri çərçivəsində uzunmüddətli istifadəsiz qalan tikililər də söküləcək”.
Qeyd edək ki, bu park ulu öndər Heydər Əliyevin iştiraki ilə 2000-ci ildə açılıb. 2007-ci ildə isə parkda yenidənqurma işləri aparılaraq Heydər Əliyevin heykəli qoyulub.