Əmlak bazarına nəzər salanda maraqlı hallarla üzləşmək olur. Elanı aylarla verilsə də satılmayan mənzillər və ya satışa çıxarılan kimi müştərisini tapan evlər... Təklif olunan qiymətdə fərq olmasa da, alıcının niyə bir mənzili yox, digərini seçməsi maraq doğurur.
Eləcə də bax: Azərbaycan bankları fərdi evlərə ipoteka krediti verməyə - MARAQ GÖSTƏRMİR
Ümumiyyətlə, Azərbaycanda hansı evləri satmaq çətindir? Satış zamanı üzə çıxan maneələr nədən ibarətdir.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Elnur Əsədov gec satılan evləri belə təsnifləşdirir:
“Sənədi olmayan evlər çox çətinliklə satılır. Bakı şəhərinin ətrafında, Abşeron, Sumqayıt, Xırdalan ərazilərində yarım milyona yaxın evin sənədi yoxdur. Orada çox çətinliklə evlər satılır.
İkinci yerdə isə 10 ildən çox inşa olunmuş yeni tikililər durur ki, onlar da istismara qəbul olunmayıb, dövlət tərəfindən qeydiyyatdan keçməyiblər.
Gec satılan evlərin siyahısında üçüncü yerdə qəzalı evlər dayanır. Qəzalı evlərin də satışı çətinliklə olur. Bura həm tam qəzalı, həm də qismən qəzalı sayılan evlər aiddir. Alıcılar bilir ki, bina qəzalıdır, ona görə də oradan mənzil almağa üstünlük vermirlər.
Dördüncü səbəb isə tələbatdır. Hər hansı evin yerləşdiyi ərazidir. Məsələn, bina qəbristanlığın yanında yerləşir və orada kommunikasiya problemi var. Məsələn, Binəqədi ərazisndə yolların asfaltlı olmaması orada olan evlərin satılmasına maneə törədir. Bəzi Bakı kəndlərində də belə halları müşahidə etmək olar”.
E.Əsədov evlərin satışında ortaya çıxan başqa bir maneədən də söz açıb. Onun sözlərinə görə, həddindən artıq satış olan ərazilərdə ev satmaq çətin olur. Məsələn, böyük yaşayış kompleksləri var ki, orada rəqabət yüksəkdir:
“Həmin komplekslərdə ev satan çox olur. Orada rəqabət yüksək olur. Misal olaraq, Masazır, Xırdalan ərazilərini demək olar. Orada bəzi komplekslər var ki, evini satan çoxdur. Adətən, elə yerlərdə mənzil satan daha çox olur, nəinki ev almaq istəyən”.
Ekspert mənzillərin daxilindəki, quruluşundakı səbəblərin də satışa maneə olduğunu bildirib:
“Elə hallar da olur ki, ev iki otaqlıdır, amma 120-130 kvadrat metrdir. Alan adam isə 120 kvadrat metr ikiotaqlı ev almaqdansa, üçotaqlı almağa üstünlük verir. Evin birinci mərtəbədə və ya mansardda olması da onun satılmasına çətinlik törədir. Və ya elə olur ki, villa cəlbedici olmayan ərazilərdə tikilir. Məsələn, Keşlə, “Kubinka” kimi ərazilər bura aiddir. Orada ətrafda olan evlərin həcmi 40-50 kvadrat metr olduğu üçün həmin villaları satmaq çətin olur”.
Ekspert qeyd edib ki, həmin villalara xərc çox qoyulduğu üçün baha qiymətə satmağa məcburdurlar. Alan adam isə həmin ərazidən ev alırsa da, villa almır.
Həmçinin, ekspert əlavə edib ki, evlərin satılmasında çətinlik həvçinin bağ evləri ilə bağlı olur: "Qışda dəniz kənarında yerləşən evlərin satılması çox çətindir. Lakin aprel-may aylarından sonra həmin bağ evlərinin mövsümü başlayır".
Əmlak üzrə ekspert Ramil Qasımzadə də təsdiqləyir ki, sənədsiz evləri satmaq daha çətindir. Bu mənada fərdi yaşayış evlərinin satılması çətinlik törədir:
“Satan şəxs evə 100 min manat xərc qoyur, amma real bazar qiymətinə uyğun olaraq bəzən istədiyi qiymətə sata bilmir.
Daşınmaz əmlakın qiymətinə təsir göstərən əsas amil onun yerləşdiyi yerlə bağlıdır.
Fərdi yaşayış evlərin satılmasında çətinlik kommunikasiya ilə bağlı olur. Problem yol, rabitə, ən əsası kanalizasiya sisteminin olmamasıdır. Təəssüf ki, Bakının bir çox qəsəbələrində kanalizasiya problemi var. Bu səbəbdən də orada qışda sular yola tökülür. Bu da birbaşa orada olan fərdi yaşayış evlərinin satılmasına ən böyük əngəllərdən biridir. Orada satan adam aldığı və ya tikdiyi zaman evə qoyduğu xərcdən aşağı qiymətə satışa qoysa belə, yenə çətinliklə sata bilir”.
Ekspert deyir ki, mənzillərin satışında ən böyük problem metrodan kənarda yerləşmələri olur.
Başqa bir əmlak eksperti Elnur Fərzəliyev hesab edir ki, satışına görə əmlaklar müxtəlif kateqoriyalara bölünür. Onlardan biri daimi satıla bilən əmlaklardır ki, onlar kapital gətirir. Digəri isə ölü kapital adlanır, yəni satıla bilməyən əmlaklar. Məsələn, hündürmərtəbəli, beşmertəbəli və doqquzmərtəbəli binalarda sonuncu mərtəbələr, künc bloklar və nəmişlik olan hissələrin satışı çox çətindir. Bunların qiyməti bazar qiymətindən 15-20 % aşağı olur. Həm də onların satış prosesi çətindir. Həmin evlərə alıcı olmur.
“Həyət evlərində də vəziyyət belədir. Məsələn, bir neçə evin yerləşdiyi ümumi həyət evlərinin, sənədsiz, pəncərəsi olmayan, qapalı vəziyyətdə olan evlərin satışı çətin olur. Məsələn, sənəddə hər hansısa bir problem varsa, onu öz adına keçirməkdə problem yaranır”, - E. Fərzəliyev bildirib.
Ekspert qeyd edir ki, evin köhnə interyerdə olması da onun satılmasına problem yaradır: "Belə ki, yaxşı təmirli olmasına baxmayaraq, 15 ilin interyeri hazırkı vəziyyətə uyğun gəlməyə bilər. Alıcıya evin yenidən təmiri sərf etmir. Ondansa tam təmirsiz ev alması daha məqsədəuyğun hesab olunur".
Ekspert əlavə edir ki, insanlarda bəzi inanclara görə evlərin satılması da problem yaradır. Məsələn, ev yanıb, sonradan təmir olunub, ya da evdə qətl, faciəli şəkildə ölüm hadisəsi baş verib. Bu inanclara görə həmin evlərin satılması çətin olur. Təbii ki, bu hallar çox olmur.