Ölkənin lider mobil operatorunun dəstəyilə fəaliyyət göstərən xidmətə daxil olan zənglərin sayı artır
FED.az xəbər verir ki, “Azercell Telekom” MMC-nin təşəbbüsü və dəstəyi ilə yaradılan Azərbaycan Uşaq Qaynar Xətt xidməti 2020-ci ilin birinci rübündəki fəaliyyəti ilə bağlı hesabatı ictimaiyyətə təqdim edib. Belə ki, ölkədə COVID-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində karantin rejimi elan olunmasına baxmayaraq, xidmət bir gün də olsun işini dayandırmayıb, Uşaq Qaynar Xəttinin əməkdaşları fəaliyyətlərini ev şəraitində davam etdiriblər.
Beləliklə, bu ilin ilk rübü ərzində Azərbaycan Uşaq Qaynar Xəttinə ümumilikdə 1313 zəng daxil olub. Bunlardan 411-i yanvar, 438-i fevral, 464-ü isə mart ayında edilib. Müraciətlərin əksəriyyəti: 625-i təhsil mövzusuna aid olub. Yerdə qalan zənglərin 114-ü sosial, 118-i psixoloji, 199-u hüquqi, 98-i səhiyyə, 159-u isə digər sahələrdə yaranan sualları əhatə edib. Xidmətə daxil olan zənglərin 692-si qızlar, 612-i isə oğlanlar tərəfindən olunub. Müraciətlərin xarakterindən asılı olaraq xidmətə təkrar zəng edənlər də olub. Əvvəlki illərdən fərqli olaraq, bu ilin mart ayında zənglərin sayında nəinki azalma, əksinə artım müşahidə edilib.
Fəaliyyət göstərdiyi 10 ilə yaxın müddətdə Uşaq Qaynar Xətti həm uşaq və yeniyetmələr, həm də ümumilikdəictimaiyyət arasında kifayət qədər etibar qazanıb. Xidmətin əməkdaşlarının vasitəçiliyi ilə bu rüb ərzində daxil olan müraciətlər əsasında 76 ailə ilə görüş təşkil edilib, 44 aidiyyatı ünvana məktub göndərilib. Bundan əlavə, xidmətin əməkdaşları mütəmadi olaraq ölkə mediasında çıxış edərək uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə fəaliyyətində aktiv iştirak ediblər.
Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa sosial xidmət göstərmək, psixoloji və hüquqi yardım etmək, emosional dəstəklə yanaşı, onlara üzləşdikləri çətinliklərin həllinə dair məsləhətlər verməkdir. Bundan əlavə, ehtiyac yarandığı halda Uşaq Qaynar Xətt xidməti müraciətlərin digər müvafiq xidmətlərə yönləndirilməsini də təmin edir.
Qeyd edək ki, "Azercell Telekom" MMC-nin dəstəyi, "Ümidli Gələcək İctimai Birliyi"nin təşkilatçılığı ilə 7/24 rejimi ilə fəaliyyət göstərən Uşaq Qaynar Xətt xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaq Qaynar Xətt xidmətinə daxil olan bütün məlumat məxfi saxlanılır.
Hazırda xidmətə məxsus 116111 qısa nömrəsi mobil nömrəyə yönləndirilib və müraciətlər 7/24 mütəmadi olaraq operatorlar tərəfindən cavablandırılır. Həmçinin, uşaqlara (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında qaynar xətt xidmətinə müraciət etmək imkanı yaradılıb.
Karantin rejimi ilə əlaqədar qarşıdakı dövrdə müraciət edənlərə çevik yardım göstərilməsini təmin etmək məqsədilə xidmətin vsosial media kanalları üzərindən də təbliği və tanıdılması nəzərdə tutulub.
Qeyd edək ki, Uşaq Qaynar Xətt xidməti haqqında ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə etmək mümkündür.