Hazırda dünyada minlərlə insan dərisinin altında mikroçip gəzdirir. Bu çiplər onlara maliyyə əməliyyatlarında, qatarla səyahət etmələrində və qapıdakı qıfılları açmaqda kömək edir. Mikroçip «epidemiyası» artıq başlayıb, amma bu koronavirus kimi təhlükəli deyil, hətta faydalıdır. Hərçənd fərqli fikirləşənlər də var.
İtlər və ağır xəstələr üçün çiplər
Əslində dərinin altına yeridilən inyeksiya çipləri çoxdan mövcuddur, bu çiplər ev heyvanlarının itməməsi və ağır xəstələrin nəzarətdə saxlanılması üçün onların bədəninə yeridilirdi.
Hələ 1998-ci ildə Rodinq Universitetinin professoru Kevin Uorvik öz əlinə çip yerləşdirmişdi ki, bunun mümkün olduğunu və insanlara necə kömək edəcəyini nümayiş etdirsin.
İş adamı, İsveçin «Biohax International» şirkətinin sahibi, «çip inqilabı»nın müəllifi Covan Osterlund mikroçiplərin varlığından professorun təcrübəsindən bir neçə il sonra, dostunun evində olanda itin bədəninə çip qoyanda xəbər tutdu. İtin bədəninə bu çipi xəstəlik tarixçəsinə görə yerləşdirmişdilər ki, baytar həkiminə gedəndə, onu başqa itlərlə səhv salmasınlar. Amma ideyanın biznes tərəfi iş adamının ağlına batır.
2013-cü ildə Osterlund İnternetdə mikroçip satın alman şirkəti tapır. Heyvanların bədəninə yerləşdiriləndən fərqli olaraq b çiplərdə yalnız bir identifikasiya nömrəsi ola bilərdi. Üstəlik onlarda NFC də vardı.
Osterlund bu çipdən sifariş verir və həmin çipi «Samsung S5»lə əlaqələndirən proqram yazır ki, telefonu ələ götürəndə dərhal həyat yoldaşına zəng getsin. Bu baş tutdu – iş adamı əlini telefona vuran kimi, telefon onun həyat yoldaşına zəng edirdi. Yeniliyi dostları ilə bölüşən iş adamı tezliklə biznesə başlayır.
İndiyədək 5 min nəfərə yerləşdirilib
Bir neçə il əvvəl onun «Biohax International» şirkəti insanın əlində dərini altına yeridilə bilən və içərisinə çoxsaylə məlumatlar yerləşdirilmiş çipləri patentləşdirdi. 2013-cü ildən bu yana «Biohax» İsveçdə və Avropanın digər ölkələrində artıq 5000 insana belə çip yprləşdirib. Bu çiplərə yerləşirilən məlumatlar elektron imza və ya mobil telefon kimi, insan haqqında müxtəlif informasiyaları daşıyır və demək olar ki, hər yerdə istifadə oluna bilər.
Çip həvəskarları onu daha təhlükəsiz və rahat sayırlar, onlar adi açarlardan fərqli olaraq ümumiyyətlə görünmürlər. Yeri gəlmişkən, bu çipi sevənlər arasında tatu və pirsinqlə maraqlananlar az deyil. Osterlundun ilk şirkəti də bui şlə məşğul olub.
«Əlinizi telefona vurub qanın tərkibini öyrənin»
«Biohax» çipləri öz sahibi üçün rəqəmsal aləmə qapı açır və minlərlə parolları, kartları, biletləri, açarları əvəz edir. Çipdə yerləşdirilən məlumatları itirmək praktiki olaraq mümkün deyil. Mikroçiplərin digər növü isə bir qədər fərqlidir və insanın sağlamlığına nəzarət etmak üçündür.
«Barmağınızı iPhone üzərində gəzdirin və artıq qanın tərkibini, temperaturu, ürək döyüntülərinin sürətini, nəfəsin tezliyini biləcəksiniz. Sağlamlığını izləmək və yaxşılaşdırmaq istəyənlər üçün bu qaydaların dəyişməsi deməkdir». Bəzi şirkətlər çipləri əyləncə məqsədilə buraxırlar. Məsələn Sietldəki şirkeətlərin birinin təqdi etdiyi çiplər sadəcə dərinin altında işıqlanır. Amma «Biohax» daha ciddi işlərlə məşğuldur: «Artıq milli dəmiryolları bizim çipləri «tanıyır» və bizim ölkə artıq 2023-də tam nağdsız olacaq.
Osterlund «Fortune»yə bildirir ki, belə çipləri milyonlarla insan istəyir. Yeniliyin İsveçdə ortaya çıxması təsadüfi deyil. İsveçin maliyyə sistemi artıq çoxdandır ki, nağdsız işləyir, insanlar da hökumətə o qədər etibar edirlər ki, bu texnologiyanın onlara qarı istifadə olunacağından qəti narahat deyillər: «Bu bir mədəniyyətdir, biz qorxmuruq ki, bizdən istifadə edərlər» - deyə sahibkar bildirir.
«Din də çipin əleyhinədir»
Amma çiplərin əheyhinə olanar daha çoxdur. Bəziləri, məsələn araşdırmaçı jurnalist Edvin Blek bildirir ki, yeni texnologiya insanların şəxsi həyatının sonu, onların şəxsi məlumatlarının hökumətin və iri şirkətlərin əlinə keçməsi deməkdir. Belə texnologiya totalitar rejimlərdə, məsələn Çində tətbiq edilsə, bunun dəhşətli nəticələrini görə bilərik: «Çip qapıları aça bildiyi kimi, bağlaya da biləcək»-deyə jurnalist obrazlı şəkildə vəziyyəti izah edir.
Bəziləri isə bir qədər də uzağa gedərək çip-i hətta incildə xatırlanın şeytan işarəsi ilə əlaqələndirirlər . Amma mütəxəssislər belə söhbətləri qeyri-ciddi sayırlar.
«Baş barmaqla şəhadət barmağı arasında»
2017-ci il, avqustun 1-i. ABŞ-ın Viskonsin ştatında proqram təminatı ilə mşğul olan «Three Square Market» şirkətində işçilər ofis bufetinin qarşısında növbəyə dayanmışdılar. Burada onlar bir-birini ardınca əllərini yerli tatu ustasına uzadırdılar ki, əlin baş və şəhadət barmağı arasındakı boşluqda, dərinin altına düyü boyda kiçik çip yerləşdirsin.
Çipin pulunu şirkət özü verirdi. «Three Market Square» təklif etmişdi ki, buna könüllü razı olan 200 əməkdaşın çipinin pulunu ödəyəcək. Şirkətin direktoru Todd Uestbi bildirir ki, şirkət mikroçipləri rahatlıq üçün yaradıb. Amma gələcəkdə bu çiplərdən pasport və ya ödəniş kartı kimi istifadə etmək olacaq.
«Three Square Market» Amerikada çiplərin «dadına baxan» ilk şirkət idi. Bundan əvvəl çiplər İsveçdə və Avropanın bir sıra ölkələrində yayılmışdı. Xüsusilə İsveçdə, texnologiyaları sevən yerli sakinlər bunun köməyilə işə gedir (yəni ofisin qapısını aça bilir), trenajor zalında üzvlük haqqı ödəyir, hətta qatara bilet ala bilərdlər. Amma Amerika bazarının reaksiyası göstərdi ki, insanlar bu yeniliyə hələ tam hazır deyillər.
Yaddaşı cəmi 1 kilobaytdır
Mikroçip implantı silindr formasında olan ştrix kodlardan ibarətdir. Hər hansı aparat bu çipi skan edəndə, dərinin üzərinə siqnal göndərir. Çip o qədər passivdir ki, onlara enerji mənbəyi də lazım deyil, onlar məlumat oxuyan aparatın enerjisindən istifadə edirlər. Yaddaşları da böyük deyil, 1 kilobaytdan azdır və bir neçə yüz hərfdən ibarətdir.
«Ailə və iş həyatı arasında sərhəd itəcək»
Amma Harvarddakı Berkman Mərkəzinin icraçı direktoru Urs Qasser bildirir ki, indiyədək eksperimentin aparıldığı İsveç texnologiyaların inkişaf etdiyi və savadlı adamların ölkəsidir. Ona görə də çiplərə normal münasibət var: «Bəs bu çiplər hansısa anbar işçisinə yerləşdirilsə, necə olacaq?». Qasserin sözlərinə görə, ən pis məqam bu çipləri şirkətlərin öz işçilərinin bədəninə yerləşdirməsi ola bilər: «Onda insanlarda sual yaranacaq, biz bu şirkətin işçisiyik, yoxsa mülkiyyəti?».
Kornella Universitetinin əmək hüququ professoru İfeoma Acunva isə hesab edir ki, yeni texnologiya nəticəsində şirkətlər öz işçiləri barədə həddən artıq, hətta iş üçün lazım olandan da artıq məlumat toplayacaqlar: «Hətta istəsələr, işçilərin işdən kənar həyatına nəzarət edə biləcəklər. Bununla da iş və ailə həyatı arasındakı sərhədlər pozulacaq».
«Facebook»u və «Gmail»i olanların şəxsi həyatdan danışması gülməlidir
Çipin tərəfdarları isə bildirir ki, insanların şəxsi məlumatları artıq çoxdan iri şirkətlərin əlindədir. Mikroçiplər və şəxsi məlumatlarla bağlı narahatlıqları əslində əsassızdır. «Əlində iPhone tutan və Gmail də emaili olan şəxslərin Facebook-da çiplərin şəxsi məlumatlara təhlükə yaratdığı barədə danışması ironiyadır. Çünki onsuz da onlar barədə bütün məlumatlar artıq məlumdur»-deyə İsveç şirkətinin rəhbəri bildirir.
Amma doğrudur ki, çiplərdən əvvəl qanunvericiliyi, hüquqi çərçivəni müəyyən etmək lazımdır. İsveçdə belə qanunlar olduğu üçün problem yaranmadı.
«Sanki nişan üzüyüdür, əvvəl maraqlıdır, sonra unudursan»
Çip ilk dəfə dərisinin altına yerləşdiriləndə Almaniyanın TUİ turizm şirkətinin İsveç bölməsinin rəhbəri Aleksandr Xuber tez-tez ona əlini vurur, baş və şəhadət barmağı arasındakı kiçik dairəni qabağa-geri verirdi: «Bu sanki ilk dəfə nişan üzüyü taxmağa bənzəyirdi. Amma indi tamamilə unutmuşam ki burada çip var. Bu artıq mənim bədənimin bir hissəsidir. Düyü böyüklükdə, şüşə kapsulun içərisinə yerləşdirilmiş mikroçip 39 yaşlı Xuber üçün sözün əsl mənasında bütün qapıları açır.
Bir çip cəmi 50-90 avrodur
Şirkətdə çipi ilk alan adam da Xuber olub, mikroçip onun əlinə dezinfeksiyadan sonra iri şpris vasitəsilə bir anda yeridilib. O vaxtdan şirkət elan edib ki, işçilərdən istəyən olsa çipin xərcini şirkət özü çəkəcək. Bir çipin xərci 90 avrodur.
Artıq mikroçiplər Almaniyada da satılır, Hamburqdakı «Digiwell» internet mağazasında çip dəsti satılır ki, insanlar onu özləri bədənlərinə yerləşdirə bilsinlər. Mikroçip, əlcəklər və şprisin daxil olduğu dəst 50 avroya satılır. Hazırda Almaniyanın özündə 4-5 min nəfər çipin daşıyıcısıdır.
Çipi LinkedIn-dəki profilə birləşdirib
Çipi 2017-ci ildən əlinə yerləşdirən şirkət rəhbəri bunun vasitəsilə ofisin qapısını ona toxunmadan açır, printeri işə salır, hətta qəlyanaltı satan avtomatdan yemək götürməyə imkan verir. Bunun üçün əlini qapıdakı kart riderə yaxınlaşdırmaq kifayətdir. Əvvəllər açarı evdə unudan Xuber qapıda qalırdı, indi belə problem yoxdur, «mən əlimi evdə unuda bilmərəm axı».
Əvvəllər Xuber bu çipə öz telefon nömrəsini və İD-sin əlavə etmişdi, sonradan buraya veb məlumatlar da əlavə edildi. Nəticədə, indi çip olan əlini telefona vuranda onun LinkedIn-dəki profili açılır.
«Cəmi 10 santimetrə siqnal ötürür»
Bəzi ekspertlər çip vaçitəsilə insanlara nəzarətin mümkün olmadığını deyir. NFC siqnallarının maksimal diapazonu cəmi 10 santimetrdir (yən i bu siqnallar maksimum bu məsafəyə ötürülə bilər). Çip dərinin altında yerləşəndə isə bu məsafə 1-4 santimetrədək qısalır. Bundan başqa, çip internetə qoşulmayıb və heç nəyi qeydə almır.
Hərçənd belə davam edə bilməz, «Three Market Square» şirkəti artıq «GPS-izləmə sistemi quraşdırılmış» yeni implant üzərində işləyir.
ABŞ ştatları və Avropa parlamenti çiplərin «hücumuna» hazırlaşır
Amma Avropa parlamenti də çiplərdən daha çox narahatdırlar. 2018-ci ildə parlament çiplərin işçilərin üzərinə yerləşdirilməsi ilə bağlı araşdırma sifariş edib. Hesabatda deyilir ki, Aİ-nin hər bir vətəndaşı öz bədəninin toxunulmazlığı hüququ var və şirkətlər işçilərini buna məcbur edə bilməzlər. Hesabatda könüllü çipləri də məsləhət görmürlər, çünki şəxsi məlumatlara müdaxilə ola bilir.
Artıq çiplərin hücumuna ABŞ-ın ştatları da «hazırlaşırlar», burada sürətlə qanunlar qəbul edilir ki, insanın bədəninə çipi məcburi yeritmək qadağan edilsin. Bunun üçün əsas da vardı. Belə ki, 2015-ci ildə bir qadın işçiləri izləmə proqramını telefonundan silməyə görə, işdən azad edilib. Yeni qanunlara görə, isə şirkətlərin öz işçilərinin öədəninə məcburi çip yerləşdirməsi qadağandır.