Azərbaycan və onun iri regional layihələrində əsas tərəfdəşlarından olan Gürcüstan arasında gözlənilməz iqtisadi mübahisə yaranıb.
Eləcə də bax: “Azerbaijan Digital Hub”un rəqəmsal iqtisadiyyata töhfəsi - TƏQDİM EDİLİB
FED.az xəbər verir ki, Gürcüstan hökuməti Azərbaycanda dövlət səviyyəsində reallaşdırılan mühüm regional layihəyə - «Azerbaijan Digital Hub» layihəsinə problem yaratmağa başlayıb.
Azərbaycanda bu mövzu o qədər də üzə çıxarılmasa da, qonşu ölkə artıq bir ilə yaxındır ki, Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevirəcək layihəni faktiki olaraq bloklayıb. Ən maraqlısı isə odur ki, Gürcüstan tərəfi bunu beynəlxalq qanunların və investorların hüquqlarını pozmaqla edir. Tərəflər arasında aparılan danışıqlar demək olar ki, dalana dirənib. Vəziyyətin bu şəkil alması, Azərbaycanda reallaşdırılan və əhəmiyyətinə görə, Bakı-Ceyhan kəməri və Bakı-Qars dəmiryolu kimi layihələrdən geri qalmayan «Azerbaijan Digital Hub» layihəsini sual altına salır.
«Azerbaijan Digital Hub» nə layihədir?
«Azerbaijan Digital Hub» proqramı Azərbaycandan keçməklə Asiya və Avropa arasında nəhəng rəqəmsal dəhlizin – «Rəqəmsal İpək Yolu»nun yaradılmasını nəzərdə tutur. Söhbət Çinlə Avropanı birləşdirən dəhlizdən gedir. Bu layihə nəticəsində Azərbaycan regionun və dünyanın internet və rəqəmsal mərkəzlərindən birinə çevriləcək və ölkənin İnternet sahəsində xarici ölkələrdən asılılığı minimuma enəcək.
Proqram çərçivəsində Xəzər dənizinin dibi ilə Qazaxıstandan Azərbaycana, buradan isə ölkə ərazisindən keçməklə Gürcüstana qədər magistral fiber-optik kabel çəkiləcək, Bakı şəhərində regionun ən böyük Data Mərkəzi inşa ediləcək. Dünyanın iri kontent provayderlərinin - Google, Facebook, Netflix, Apple, Alibaba, Amazon, Tencent və s.-in məlumat bazaları burada saxlanılacaq.
Başqa sözlə, «Azerbaijan Digital Hub» proqramı çərçivəsində Azərbaycanın gələcəkdə Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməlidir. Bu da layihə həmin regionlarda yaşayan 1,8 milyard əhalinin (dünya əhalisinin dörddə biri deməkdir) internetlə təminatına təsir edəcək.
«Azerbaijan Digital Hub» proqramı bir qədər əvvəl Çin hökumətinin təşəbbüsü ilə başlanan «Belt and Road Initiative» layihəsinin də bir hissəsidir. Layihəni Azərbaycan tərəfdən «AzerTelecom» şirkəti reallaşdırır və bununla bağlı Çinin informasiya və kommunikasiya nəhəngi «China Telecom» ilə Starteji Anlaşma Memorandumu da imzalanıb. Sazişə əsasən, «China Telecom» şirkətinin internet trafiki «Digital HUB» proqramı çərçivəsində Azərbaycan üzərindən daşınacaq.
Artıq Xəzərin dibindən keçməklə Azərbaycanla Qazaxıstan arasında və ölkə ərazisindən keçən magistral kabelin çəkilməsinə başlanılıb.
Sonradan bu kabel Gürcüstandan keçməklə Avropaya uzanmalıdır. Problem də Gürcüstanda yaranıb.
Gürcüstanın baş naziri, hətta İvanişvili də razılıq vermişdi
Layihənin Gürcüstan tərəfini reallaşdırmaq üçün bu ölkədə partnyor tapmaq lazım idi. «AzerTelecom» şirkəti bu məsələni Gürcüıstanın «Qafqaz Onlayn» («Caucasus Online») şirkətinin səhmlərini almaqla həll etdi. Sözügedən şirkət Qara dənizin dibi ilə çəkilmiş kabelin sahibidir. Alqı-satqıdan əvvəl – hələ 2018-ci ildən Azərbaycan və Gürcüstan arasında bu barədə danışıqlar aparılıb. «Azərtelekom»un sahibi olan NEQSOL holdinqin nümayəndələri Gürcüstan hökumətini bu layihə, onun əhəmiyyəti, holdinqin «Caucasus Online» şirkətindən pay almaq planı və layihənin Gürcüstana gətirəcəyi iqtisadi və siyasi faydalar barədə məlumatlandırıblar.
Belə ki, «Caucasus Online» şirkətinin sahibi və payın satıcısı olan Kviça Makatsariya və alıcı qismində olan «Neqsol»un nümayəndələri Gürcüstanın baş naziri Baxtadze, Milli telekommunikasiya komitəsinin rəhbəri, hətta Gürcüstanın təhlükəsizlik xidmətinin rəhbəri və milyardçı İvanişvili ilə görüşüb planları barədə məlumat veriblər.
Bu görüşlərdə gürcü tərəfi layihə və bu alqı-satqı əməliyyatına etiraz etməyib. Nəticədə NEQSOL şirkəti 61 milyon dollar ödəyərək «Caucasus Online» şirkətinin səhmlərnin 49%-ni əldə edib. Və artıq layihənin reallaşması üçün problem almayıb. Amma əsl problemlər bundan sonra başlayıb.
Problemlər bir il əvvəl başlayıb
Amma təqribən bir il əvvəl Gürcüstanın dövlət və nəzarət lrqanları tərəffindən layihəyə və şirkətə görünməmiş təzyiqlər başlayıb. Gürcüstanla indiyədək dəfələrlə olduğu kimi, bu problem də əvvəlcə sırf texniki məsələ kimi qaldırılıb. 2019-cu ilin avqustunda Gürcüstanın Milli Kommunikasiya Komitəsi bəyan edib ki, «Caucasus Online» şirkətinin səhmlərinin «NEQSOL Holding»ə satışı barədə müqaviləni ləğv etmək niyyətindədir. Bunun formal səbəbi odur ki, guya holdinq və şirkət bu alqı-sağtqı barədə komitəni vaxtında xəbərdar etməyiblər. Azərbaycan şirkəti Neqsol bu iddiaları rədd edir və bildirir ki, hələ alqı-satqıdan əvvəl dəfələrlə Gürcüstan rəsmiləri, hətta baş nazirlə görüşdə bu planları ətraflı açıqlayıb.
Amma Komitə iddia edir ki, bununla bağlı yazılı, rəsmi xəbərdarlıq olmalı idi. Yeri gəlmişkən, indiyədək baş verən belə halların hamısında alqı-satqıya problem yaradılmayıb. Yalnız Azərbaycan şirkəti ilə bağlı halda bu məsələ ciddi probolemə çevrilib. Komitə bunnula dayanmayıb və qarşı tərəfə təzyiq etmək üçün bildirib ki, alqı-satqı ləğv edilməsə, bu əməliyyat məcburi ləğv ediləcək və şirkətə kənar idarəçi təyin ediləcək. Beynəlxalq qanunvericilikdə bu hərəkətin adı - əmlakın özününküləşdirilməsi deməkdir.
Məsələyə Gürcüstən parlamenti də qoşulur
Amma «Caucasus Online» şirkətinə və onun səhmlərinin sahibi olan «NEQSOL Holding»ə hücumlar tənzimləyici orqanla başa çatmır. Təzyiqlər daha yüksək səviyyədə - Gürcüstan parlamenti tərəfindən başlayır. Belə ki, Azərbaycan şirkətinə basqıların qızğın vaxtında Gürcüstan parlamenti «Elektron kommunikassiyalar haqqında» qanuna təcili şəkildə qeyri-adi dəyişikliklər edilir.
Bu düzəlişlər nəticəsində Gürcüstanın Milli Kommunikasiya Komitəsinə (GNCC – hansı ki, problemi başlamışdı) əlavə səlahiyyətlər verilir, yeni qanuna görə komitə telekommunikasiya bazarına nəzarət üçün əlavə səlahiyətlər alır və bunlardan biri də həmin şirkətlərə xüsusi menecerlərin (kənar idarəçilərin) təyin edilməsidir. Başqa sözlə şirkət öz sahiblərinin idarəçiliyindən çıxarılır.
Bu dəyişikliklər təkcə xarakterinə görə deyil, həm də qəbul edilmə formasına görə, Gürcüstanın tarixinə düşüb. Belə ki, telekommunikasiya haqqında qanun parlamentdə gecədən keçmişə qədər müzakirə edilərək qəbul olunub.
Dəyişikliklər o qədər qeyri-demokratik və biznesə ziddir ki, Gürcüstanın özünün 9 telekommunikasiya şirkəti bununla bağlı etiraz açıqlaması veriblər.
Neqsol Gürcstan hökumətini Stokholm məhkəməsinə verir
Amma məsələ bununla bitməyib. ABŞ dövlət katibinin keçmiş müavini, Gürcüstanda baş verən bu prosesləri diqqətlə izləyən Metyu Brayzə bildirib ki, bu proseslər nəticəsində Gürcüstanın biznes mühiti ilə bağlı reputasiyası ciddi zərər görəcək və bu ölkəyə investorların inamı azala bilər.
Probolem ondadır ki, Gürcıstan tərəfinin yaratdığı problem həll olunmasa, layihə tamamilə fərqli istiqaimətdə inkişaf etməli olacaq. Bu zaman Asiya ilə Avropanı birləşdirən kabel ya Rusiyadan, ya da Qırmızı dənizdən və Yaxın şərqdən keçməklə, hətta Cənubi Afrikanı dolanmaqla okeanın dibi ilə çəkilməlidir. Onlar isə olduqca bahalı və etibarlı olmayan istiqamətlərdir.
Son məlumatlra görə, yaranmış vəziyyətdə başqa yol görməyən «Azertelecom» və onun sahibi olan Neqsol şirkəti Gürcstan hökumətini Stokholmdakı beynəlxalq arbitraj məhkəməsinə verməyi qərara alıb.
Problemin böyüklüyünə və çox mühüm bir layihəni dayandırmasına baxmayaraq hələlik Azərbaycan rəsmi qurumları məsələ ilə bağlı geniş açıqlama verməyə tələsmir, görünür, problemin danışıqlarla, sakitcə bitəcəyinə ümid edirlər.
Qeyd edək ki, «Caucasus Online» şirkəti ətrafında baş verənlər Gürcüstanda biznesə qarşı yeganə belə hal deyil. Bir qədər əvvəl oxşar halla ABŞ-ın Frontera Resours şirkəti rastlaşıb.
Görünür, bunun nəticəsində ABŞ hökməti bəyan edib ki, Gürcüstan xarici investorların qorunması ilə bağlı ciddi addımlar atmasa 2021-ci ildə ölkəyə ayrılan yardımı 15% azaldacaq. Bəzi ekspertlər hesab edir ki, Gürcüstanda baş verən bu hallar ölkədə investisiya mühitini pisləşdirib və birbaşa xarici investisiyaların azalması ilə nəticələnib.
Belə ki 2018-2020-ci illərdə ölkəyə birbaşa xarici investiiyalar kəskin azalıb. Əgər 2017-ci ildə ölkəyə 2 milyard dollar birbaşa yatırım gəlmişdisə, 2019-cu ildə bu rəqəm 1,2 milyard dollara düşüb. 2020-ci ilin ilk rübündə isə bu rəqəm 165 milyon dollar təşkil edb. Bu da 2019-cu ilin eyni dvründən 40% azdır.