Prezident İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, sənədlə müəyyən edilib ki, Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.
Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
1. Nazirlər Kabinetinə:
1.1. Mərkəzin nizamnaməsinin və nizamnamə fondunun miqdarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi, onların dəyişdirilməsi;
1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;
1.3. Mərkəzin strukturunun təsdiq edilməsi;
1.4. Mərkəzin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla yenidən təşkili və ləğv edilməsi;
Sənədə əsasən Əqli Mülkiyyət Agentliyinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.