Azərbaycan Olimpiya tarixində taekvondo üzrə ilk qızıl medalını qazanıb. Radik İsayev həlledici görüşdə Niger idmançısı Abdulrazzak İssufu ilə qarşılaşıb. Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə rəqibin başına bir zərbə endirən təmsilçimiz 3:0 hesabı ilə önə keçib. Raund bu hesabla başa çatıb. Həlledici, sonuncu raundda daha bir dəqiq zərbə ilə fərqi 6:0 edən Radik qələbəsinə şübhə yeri qoymayıb. Nigerli idmançının cəhdləri isə sadəcə 2 xal qazanmağa çatıb. Bununla da, 6:2 hesablı qələbə qazanan dünya və Avropa çempionumuz kolleksiyasına Olimpiya "qızıl"ını da əlavə edib.
Qeyd edək ki, bu, həm də Azərbaycan millisinin Rio Olimpiadasında qazandığı ilk qızıl medaldır.
+80 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb - 11:2.
Təmsilçimiz 1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə qarşılaşıb. Pekin Olimpiadasının qalibi ilə döyüş olduqca gərgin keçib. Qarşılaşma boyunca hesabda geri olan Radik sona bir neçə saniyə qalmış fəallaşaraq vəziyyəti xeyrinə dəyişə bilib. Rəqibin başına endirdiyi effektli zərbə ilə aradakı fərqi artıran idmançımız yekunda 12:8 hesabı ilə qalib gəlib.
Yarımfinalda idmançımız Böyük Britaniya təmsilçisi Mahama Ço ilə mübarizə aparıb. Ənənəvi taktikasına uyğun olaraq təmkinlə döyüşən idmançımız nəticəni son raundda həll edib. O, 0:1 geri düşdüyü görüşü 4:1 hesablı qələbə ilə başa vurub və finala adlayıb.
Bu, Azərbaycan Olimpiya tarixində növbəti ilk kimi tarixə düşüb. Belə ki, boks yarışlarından sonra taekvondoda da təmsilçimiz ilk dəfə finala yüksəlib.