Olimpia oyunlarına milli komandanın müşaiətçisi kimi qatılan Portuqaliyanın təhsil naziri Rio De Janeiro küçələrində qarət olunub. Bu barədə İspaniyanın ABC adlı internet qəzeti məlumat verib.
Belə ki, Tiago Rodrigues Brandao bıçaqla silahlanmış yerli sakin tərəfindən hücuma məruz qalıb. Qarətçi Tiagodan pul, mobil telefon və çantasını verməyi tələb edib. İstədiyi şeyləri əldə edən quldur tez qaçmağa çalışıb, lakin yoldan keçənlərin məsələyə müdaxiləsi nəticəsində tutularaq, polisə təslim edilib.
Rodriguesin sözlərinə görə, bu hadisə gözlənilməz və təhlükəli olsa da, o, buna elə də əhəmiyyət verməyib. Göstərdikləri dəstəyə görə şəhərin səlahiyyətli şəxslərinə təşəkkürünü bildirən zərərçəkən, - “İndi isə bayramdan zövq almağa davam etmək lazımdır” - deyə bildirib.
“Qarət bir anda baş verdi, onun əlində soyuq silah var idi, ama ətrafda da insan çox idi və elə buna görə də onlar tez məsələyə müdaxilə edə bildilər” – deyə hadisəni izah edən nazir, Rioya artıq 4-cü dəfə səfər etdiyini və hər dəfə özünü bu şəhərdə çox təhlükəsiz hiss etdiyini əlavə edib.
Qeyd edək ki, Tiago Rodrigues 2012-ci ildə London Olimpiadasında Portuqaliya komandasında attaşe olub.
sport.mail.ru