Avqustun 22-də Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm bağlanış mərasimini keçirilib.
Braziliya karnavalı şəklində hazırlanan bağlanış mərasimi çərçivəsində dünya ölkələri olimpiyaçılarının yürüşü olub. XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bağlanış mərasimində olimpiya məşəli söndürülüb. Üç ölkənin - Olimpiya oyunlarının vətəni Yunanıstanın, Braziliyanın və növbəti Yay Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiyanın bayraqları qaldırılıb. XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bağlı elan edib.
Qeyd edək ki, avqustun 5-dən 21-dək Rio de Janeyro Olimpiadasında 207 ölkəni təmsil edən 10 mindən çox idmançı 33 növ üzrə 306 dəst medal uğrunda mübarizə aparıb.
“Rio-2016”da Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb. Komandamıza yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazandırıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində uduzaraq gümüş medala sahib olublar. Taekvondo yarışlarında Milad Beiqi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə bürünc medalla kifayətləniblər. Medal sıralamasında Azərbaycan 39-cu olub.