“Azərbaycanda hakim müxtəlif mahiyyətli məsələlərə baxmaqda çətinlik çəkir. Çünki hakim həmin sahəni dərindən bilmir. Bu baxımdan da yeni fəaliyyətə başlayacaq kommersiya məhkəmələri çox xeyirli olacaq”.
FED.az xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında kommersiya mübahisələri üzrə ixtisaslaşmış tanınmış vəkil Əkrəm Həsənov deyib.
Eləcə də bax: Azərbaycan vətəndaşları məhkəməni udub-udmayacaqlarını - ƏVVƏLCƏDƏN ÖYRƏNƏCƏKLƏR – YENİLİK
Vəkil qeyd edib, Azərbaycanda kommersiya məhkəmələrinin yaradılması hakimlərin bilik səviyyəsinin konkret məsələyə xidmət etməsinə şərait yaradacaq: “Gələcəkdə məhkəmələr vergi, kommersiya başqa sahələrə ayrıla bilər. Paralel iki məsələ də həll olunmalıdır. Bizim qanunvericiliyimizdə də problem çoxdur. Kommersiya məsələlərinin istinad etdiyi birinci qanun Mülki Məcəlləsidir. Bu Məcəllə qənaətbəxş deyil. Hətta Prezident İlham Əliyev bir neçə ay bundan əvvəl sərəncam imzalamışdır ki, Mülki Məcəllə tamamilə yenidən işlənməlidir. Bu işi aparmaq lazımdır ki, hakimlər hansı qanunu rəhbər tutsun. Həmçinin gərək hakimlər də dürüst işləsin”.
Ə.Həsənov bildirib ki, hakimlərin əmək haqları çox yüksək olmalıdır: “Elə dövlət şirkətləri var ki, onların rəhbərlikləri hakimlərdən çox yüksək maaş alırlar. Eyni zamanda, hakimlərin korrupsiya əməllərinə görə, onları sərt cəzalandırmaq lazımdır, ömürlük azadlıqdan məhrum edilməlidirlər. Yəni bunlar olarsa, məhkəmə sistemində nəsə dəyişiklik ola bilər”.