Gömrükçülər narkotik vasitə aşkarlayıblar. Dövlət Gömrük Komitəsindən FED.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumata əsasən, Azərbaycan vətəndaşları Bağırzadə Elşən Rövşən oğlu və Əliyev Elnur Elxan oğlu Astara gömrük postundan keçməklə piyada yolla İrandan Azərbaycana gələrkən saxlanılıb və üzərilərində şəxsi yoxlama aparılıb. Bu zaman E.Bağırzadənin üzərində, əyninə geyindiyi qəhvəyi rəngli alt paltarının ön hissəsində şəffaf rəngli sellofana qablaşdırılmış 1 ədəd bükümdə 10 qram tiryək və 340 ədəd “Z40” adlı metadon həbləri aşkarlanıb. Şəxsi yoxlama başa çatdıqdan sonra onların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından E.Bağırzadə və E.Əliyev Astara Rayon Mərkəzi Xəstəxanasına aparılaraq rentgenoloji müayinədən keçirilib. Rentgenoloji müayinə zamanı E.Əliyevin daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofana qablaşdırılmış 4 ədəd bükümdə isə 157 ədəd “Z40” adlı metadon həbləri və 4 qram tiryək aşkar edilib.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.