"Azərbaycanda Amerika Məktəbi” ("American School in Azerbaijan -ASIA”) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadə dələduzluq ittihamı ilə Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi tərəfindən saxlanılıb.
FED.az xəbər verir ki, ABŞ səfirliyinin yaxınlığında, Azadlıq prospektində yerləşən "Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri E. Məmmədzadə son 2 il ərzində ABŞ-da xarici dil kurslarına göndərmək vədi ilə onlarla insanı aldatmaqda ittiham olunur.
Eləcə də bax: Avtomobil nömrəsi satmaq adı ilə dələduzluq edən - POLİSƏ CƏZA VERİLDİ
Bildirilir ki, ABŞ-dakı xarici dil kurslarında oxumaq istəyən şəxslərin hər birindən viza və təhsil haqqı üçün 4 min dollar alıb. Lakin vədini yerinə yetirməyən E. Məmmədzadə müxtəlif bəhanələrlə həmin insanları sakitləşdirib. Keçən ilin noyabr ayından isə nə tədris mərkəzinin, nə də E. Məmmədzadənin mobil telefonuna açılan zənglərə cavab verilməyib. Bundan sonra aldadılan şəxslərin bir qrupu Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsinə müraciət edib və bundan sonra E. Məmmədzadə saxlanılıb.
Məlumata görə, indiyə qədər E. Məmmədzadə tərəfindən aldadılaraq pullar alındığını bildirən 45 nəfər Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsinə müraciət edib. Ancaq hüquq-mühafizə orqanları E. Məmmədzadənin qurbanlarının sayının daha çox olduğunu ehtimal edir.
Cinayət işinin istintaqı davam edir.
“Azərbaycanda Amerika Məktəbi”nin rəhbəri həbs olundu - Xaricdə təhsil fırıldağı
17:42
30 Yan 2019