2023-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın ümumi ixracı 33,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 928,2 milyon ABŞ dollarına bərabər olub.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayına əsasən xəbər verir.
2023-cü ilin 12 ayı ərzində elektrik enerjisinin ixracı 3,3 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 1,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 19,3%, qara metallardan məmulatların ixracı 13,3%, meyvə-tərəvəz ixracı isə 8,7% artıb.
Ötən ilin dekabr ayının qeyri-neft ixracı 3,8% artaraq 314,3 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac isə 0,9% artımla 106,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 5,4% artımla 207,7 milyon ABŞ dolları təşkil edib.