Energetika

SOCAR-ın təlim və vebinarlarının işçilər üçün faydası nədir? - SORĞU

SOCAR-ın təlim və vebinarlarının işçilər üçün faydası nədir? - SORĞU | FED.az
17:44 23 İyul 2020

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) işçilərinin bilik və bacarıqlarının artırılması üçün onlayn təlimlər, vebinarlar keçirir.

Nazirlər Kabinetinin təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı qərarının ardından SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi onlayn dərslər həyata keçirir. Bu müddətdə İdarənin Kadr hazırlığının təşkili mərkəzində onlayn təlimlərin keçirilməsi üçün sinif otaqları ayrılıb və lazımi texniki avadanlıqlarla təchiz edilib. SOCAR-ın “Azneft” İstehsalat Birliyində isə işçilərin inkişafına töhfə vermək məqsədi ilə keçirilən daxili vebinarlar davam edir.

Bəs sözügedən seminarların və onlayn təlimlərin şirkətin əməkdaşlarına hansı faydaları olacaq?  Ümumiyyətlə, bu təlimlərin əhəmiyyəti nədir? 

Təlimlərlə bağlı “Azneft” İB-nin əməkdaşları FED.az-ın suallarını cavablandırıb:

SOCAR-ın təşkil etdiyi onlayn təlimlər pandemiya dövründə vaxtınızı səmərəli keçirməyə təsir etdimi?

“Azneft” İB-nin İdarəetmə Aparatının Strateji inkişaf və korporativ idarəetmə şöbəsinin böyük mühəndisi Nurəddin Eynullayev açıqlamasında bildirdi ki, dünyada və eləcə də, ölkəmizdə yaranan pandemiya şəraiti təlimlərin təşkilinə də təsir göstərib: “Dövrün tələbindən irəli gələrək təlimlərin keçirilməsi məkan baxımından dəyişsə də, mahiyyət və keyfiyyət etibarı ilə eyni qalıb. Hazırda iş yerində olaraq işimizə uyğun təlimləri seçib iştirak edə bilirik və bunun üçün bütün texniki imkanlar yaradılıb. Bu isə öz növbəsində əlavə vaxt itkisi olmadan təlimlərdə iştirak etməyimizə imkan verir, təlimdən sonra isə yenidən öz işimizi görə bilirik”.

Abşeronneft Neft-Qaz Çıxarma İdarəsinin həmin sahə üzrə ustası İntiqam Mütəllimov SOCAR-n təşkil etdiyi onlayn təlimlərin pandemiya dövründə vaxtı səmərəli keçirməyə yardımçı olduğunu deyir: “Neft sənayesinin inkişafı üçün bir çox nəzəri və praktik biliklərə yiyələndik. Bu biliklər gördüyümüz işin daha məhsuldar olmasına müsbət təsir göstərdi”. 

Bu dövrdə təlim mərkəzi tərəfindən keçirilən hansı təlim və vebinarlarda iştirak etmisiniz?

“Azneft” İB-nin Ə.C. Əmirov adına neft və qazçıxarma idarəsinin Texniki istehsalat şöbəsinin rəsisi Əli Nəzərov bildirir ki, həm yeni biliklərin əldə edilməsi, həm də biliklərin təkmilləşdirilməsi ilə bağlı təlimlərdə iştirak edib. O, “Beynəlxalq nəqliyyat sistemi və logistika”, “Xilasedici qaydaların və salların təchizatı”, “Açıq fantana qarşı” bilikləri əhatə edən təlimlərlə bərabər, dil və kompüter biliklərini də əhatə edən təlimlərdə iştirak etdiyini vurğulayıb.

N. Eynullayevin sözlərinə görə, bu müddətdə planlama, risklərin idarə edilməsi, ingilis dili üzrə təlim və vebinarlarda iştirak edib.

Bu təlimlərin fərdi inkişafa təsiri nədir və bilik-bacarıqlarınızın artırılmasında hansı rolu var?

İ. Mütəllimov qeyd edir ki, bu təlimlərin qabaqcıl informasiya və texnologiyaların mənimsənilməsində, yeni vərdişlərin yaranmasında, neft sənayesində daha səmərəli yollarla məhsuldarlığın artmasında müsbət təsirləri olub.

N. Eynullayev isə öznövbəsində bildirir ki, iştirak etdiyi təlimlər nəinki hazırki işinə, həmçinin fərdi inkişafına da müsbət təsir edir. Bu isə gələcək fəaliyyət üçün mühüm əhəmiyyət kəsb edir: “Məsələn, iştirak etdiyim “Planlama” ilə bağlı təlimin nəticəsi olaraq qeyd edə bilərəm ki, hər birimiz hansısa işi görməyə başlayanda çalışırıq ki, işimizi planlaşdıraq. Amma bəzən istədiyimiz nəticəni ala bilmirik. Bu təlimdə ən önəmli amillərdən biri də əvvəlcədən düzgün planlamanın edilməsi və ona təsir edən bütün amillərin nəzərə alınmasıdır. Burada təlimçi tərəfindən planlamada hədəfimizin olması, tətbiq edəcəyimiz yerin olmasının vacibliyi, zamanın düzgün seçilməsi, mövcud resurslarımızın nəzərə alınması, hədəfə çatmaq üçün strategiyanın seçilməsi və insan amilinin nə qədər əhəmiyyətli olması praktiki olaraq izah olundu. Əminəm ki, həm bu, həm də digər təlimlər bütün iştirakçılar üçün də faydalıdır”.

Belə təlimlər işçilərin motivasiyasını artırmaqla, fəaliyyətin effektivliyini yüksəldirmi?

Neft-qaz çıxarma üzrə usta İ. Mütəllimov qeyd edir ki, psixoloji cəhətdən işçilərin motivasiyasını artırmaqda belə təlimlərin əhəmiyyəti yüksəkdir və fəaliyyətin effektivliyini dəfələrlə artırır. “Hər bir neftçi, tutduğu vəzifəsindən asılı olmayaraq savadına, idrakına söykənib məsuliyyətlə hər bir problemin daha səmərəli, effektiv həllini müəyyən edir”, deyə o bildirib. 

Şöbə rəisi Ə. Nəzərov isə belə təlimlərin daha çox keçirilməsinin məqsədəuyğun olduğunu düşünür.

Keçirilən vebinar və təlimlər iştirakçıların ümumilikdə əmək bazarında rəqabət qabiliyyətinə necə təsir göstərir?

N. Eynullayev ümumiyyətlə, təlimlərdə iştirakın işçilərin fərdi inkişafına müsbət təsir ediyini deyir. Hazırki şəraitdə iş yerində yeni bilik və bacarıqların əldə edilməsi işçinin özü üçün də əhəmiyyətlidir. 

Keçirilən vebinar və təlimlərin əmək bazarındakı rəqabətə müsbət təsir göstədiyini bildirən İ. Mütəllimov bunun əmək bazarında onlara olan tələbi artacağını və nəticədə, neft sənayesinin məhsuldarlığının müsbət istiqamətdə irəliləməsinə təsir edəcəyini deyir.

Bütün dünya sürətlə rəqəmsallaşdığı şəraitdə Siz hansı bilik və bacarıqlarınızı daha çox təkmilləşdirmək istərdiniz?

Ə. Nəzərov daha çox yenilikçiliyi sevdiyini, yeni proqramlar, lahiyələr, texnikalar haqqında bilik qazanmağın faydalı olduğunu deyir.

"Bütün dünya sürətlə rəqəmsallaşdığı şəraitdə kompüter biliklərini təkmilləşdirmək istərdim". Bu sözəri isə İ. Mütəllimov deyir. O, qabaqcıl texnologiyaların nailiyyətinin hər bir sahənin uğuru olduğunu düşünür.

Bu baxımdan həm də yeni bir ixtisas sahəsinə (məs. proqramlaşdırma və s. kimi) qədəm qoymağa, ən azından yeni tələbatda olan hansısa peşə sahələrinin təmə biliklərini əldə etmək niyyətiniz var mı? Hansı sahələr sizə bu günkü vəziyyətdə daha perspektivli və maraqlı görünür?

Strateji inkişaf və korporativ idarəetmə şöbəsinin böyük mühəndisi N. Eynullayev düşünür ki, yeni ixtisasa yiyələnmə, təcrübənin artırılması vacibdir. Mühəndis hazırda maraqlı olan sahələr kimi dəyişikliklərin idarə edilməsi, vaxtın idarə edilməsi, risklərin idarə edilməsi, böhran şəraitində idarəetmə, strateji planlaşdırma, xarici dil biliklərinin daha da təkmilləşdirilməsi və s. göstərib.

Digər xəbərlər

Banner