OPEC+ ölkələrinin may ayından bu ilin sonuna kimi neft hasilatını könüllü şəkildə azaltmaq qərarı qısa müddətdə qiymətləri dəstəkləməlidir və Çində tələbin bərpası şəraitində bu, 2023-cü ilin ikinci yarısında neft bazarında defisitə səbəb ola bilər.
Azərbaycan Macarıstana da qaz satacaq - BU İLİN SONUNADƏK BAŞLAYIR
FED.az xəbər verir ki, bu, Fitch beynəlxalq reytinq agentliyinin çərşənbə axşamı dərc etdiyi məqaləsində bildirilir.
Bununla yanaşı, Agentliyin ekspertləri hələ də 2023-cü il üçün Brent kotirovkalarının qiymətlərini bir barel üçün orta hesabla 85 dollar səviyyəsində proqnozlaşdırırlar, lakin onların qısamüddətli artımını istisna etmirlər.
"Hasilatın azaldılması qərarı bazarın bu il kəsirlə üzləşəcəyi ehtimalını artırır, çünki ABŞ Enerji Departamentinin Enerji İnformasiya İdarəsi (EIA) 2023-cü ildə tələbin gündəlik 2 milyon barel artacağını təxmin edir. Tələbat artımının təxminən yarısı Çindən olacaq"- məqalədə deyilir.
Mart ayında Fitch 2023-cü il üçün Brent qiymətləri proqnozunu dəyişməyərək barel üçün 85 dollar səviyyəsində saxlayıb. “Son qərar [OPEC+ ölkələrinin neft hasilatının azaldılması] bizim proqnozlarımıza birbaşa təsir göstərmir”, - agentlik qeyd edib. Buna baxmayaraq, ekspertlər qısa müddətdə neftin qiymətinin qalxacağını istisna etməyiblər.
Aprelin 2-də bir sıra OPEC+ ölkələri dünya enerji bazarının sabitliyini təmin etmək üçün may ayından cari ilin sonunadək neft hasilatının könüllü azaldılmasını elan ediblər. Bu qərarlar OPEC+ nazirlərinin monitorinq komitəsinin aprelin 3-də keçirilən iclasının yekunları üzrə təsdiqlənib. Könüllü ixtisarın ümumi həcmi gündəlik 1,66 milyon barel nəzərdə tutulur və OPEC+ sazişi çərçivəsində hasilatın gündəlik 2 milyon barel azaldılmasına dair 2022-ci ilin noyabrından qüvvədə olan razılaşmaya əlavə olacaq. (Marja)