2020-ci ilin üçüncü rübünün yekunları üzrə biznes əməliyyatları haqqında məlumat
Eləcə də bax: TAP layihəsinin işə düşməsi ilə bağlı - BP-DƏN AÇIQLAMA
Azəri-Çıraq-Günəşli (AÇG)
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2020-ci ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 399 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 398 milyon dollardan çox əsaslı məsrəflər xərclənmişdir.
Üçüncü rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam etmişdir. Son əməliyyatlara, COVID-19-un yaratdığı çətinliklərə baxmayaraq, iri qurğuların qaldırılması proqramının başlanması, qazma qurğusunun sahəyə gətirilməsi, onun hər üç hissəsinin barjadan boşaldılması və sahənin tikinti thissəsinə yerləşdirilməsi daxildir. Hazırda qazma modulunun inşası davam edir.
Heydər Əliyev adına Dərin Özüllər Zavodunda dayaq blokunun payalarının inşası başa çatdırılmış, uğurla dənizə yola salınmış və platformanın dayaq blokunu qəbul etmək üçün dənizdibində quraşdırılmışdır. Dayaq blokunun və sualtı qurğuların inşası davam etmişdir.
2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis və tədarük işləri qrafikə uyğun davam edir, təchizatçılar tərəfindən göndərilən iri avadanlıq Azərbaycana doğru hərəkət etməkdədir.
Hasilat
Üçüncü rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (36 000), Mərkəzi Azəri (115 000), Qərbi Azəri (118 000), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (97 000) və Qərbi Çıraq (52 000) platformalarından birlikdə – gündə orta hesabla 482 000 barel və ya ümumilikdə təxminən 132 milyon barel, yəni 17.9 milyon ton olub.
Rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 39 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
2020-ci ilin ilk üç rübü ərzində AÇG-də 10 neft hasilat və 2 suvurma quyusu qazılmışdır.
Səmt qazı
2020-ci ilin ilk üç rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Səngəçal terminalı
2020-ci ilin üçüncü rübündə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetrdir.
2020-ci ilin ilk üç rübü ərzində terminal təqribən 183 milyon barel neft və kondensat, o cümlədən 160 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 23 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
İlk üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 48 milyon standart kubmetr (1 milyard 691 milyon standart kubfutdan artıq) Şahdəniz qazı ixrac edilmişdir.
Bakı-Tbilisi-Ceyhan (BTC)
BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.
2020-ci ilin üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 67 milyon dollar, əsaslı xərclərə isə təqribən 20 milyon dollar xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 469 milyon tondan artıq (3,52 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4595 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
İlk üç rüb ərzində isə BTC vasitəsilə təqribən 21,4 milyon ton (162 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 214 tankerə yüklənib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Şahdəniz
Şahdənizdə iştirak payları belədir: bp (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).
2020-ci ilin ilk üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə 620 milyon dollara yaxın əməliyyat xərcləri və 719 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Hasilat
Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.
İlin ilk doqquz ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 13,3 milyard standart kubmetr qaz və 2,7 milyon ton (21,6 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
Üçüncü rüb ərzində ərzində Şahdəniz 2 komandası Xankəndi sualtı tikinti gəmisi vasitəsilə sualtı quraşdırma işlərini plana uyğun davam etmişdir. İsrafil Hüseynov borudüzən gəmisi şərq-cənub cinahına bağlanan axın xətlərinin mexaniki quraşdırılmasını 8 oktyabrda təhlükəsiz şəkildə başa çatdırmışdır, bu isə layihə üzrə mühüm bir işdir.
Dərinsulu şərq-cənub cinahından (suyun 540m dərinliyində) hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra 2021-ci ilin birinci yarısına planlaşdırılır. Digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır və hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.
Qazma əməliyyatları
Üçüncü rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
İstiqlal qazma qurğusu SDC05 quyusunu tam dərinliyinədək qazıb və quyu konservasiya olunub. Maersk Explorer qurğusu SDF04 quyusunu tam dərinliyinədək qazıb və quyu konservasiya olunub. Bu qurğu həmçinin SDF05 quyusunun üst və alt hissələrini qazıb.
Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 20 quyu qazıb və bunlardan 16-sını tamamlayıb - yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində iki quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
Cənubi Qafqaz Boru Kəməri (CQBK)
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)
İlin ilk üç rübü ərzində CQBK-nin əməliyyat xərcləri 35 milyon dollardan artıq, əsaslı xərclər isə 8 milyon dollardan artıq olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında başlayıb.
İlin ilk 9 ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 32,6 milyon kubmetr olmuşdur.
Geoloji kəşfiyyat
Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına bu il yanvar ayının 13-də başlanmışdır. Quyunun qazma işləri artıq 3864 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir. Quyu layihə dərinliyinə çatdıqdan sonra, əldə edilmiş məlumatlar təhlil olunacaq və əgər uğurlu olarsa, nəticələri təsdiq etmək üçün qiymətləndirmə proqramı da həyata keçirilə bilər.
D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı mart ayının 14-də başa çatdı. Oktyabr ayında emal procesi tam başa çatdırıldı və hazırda perspektiv strukturun qiymətləndirilməsi işləri aparılır. Seysmik tədqiqatın interpretasiyasının nəticələri müsbət olarsa, əsas kəşfiyyat proqramına başlana bilər.
Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra başlamaq nəzərdə tutulur. Quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi avqust ayının 28-də ictimaiyyətə açıqlandı və hazırda hökumətlə və ictimaiyyətlə müzakirələr davam edir. Sənədin təsdiqi ilə müvafiq icazələr alınmaqla quyunun qazılmasına 2021-ci ilin birinci rübündə başlanacaq.
İşçi heyətimiz
Üçüncü rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2497 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Sosial sərmayələr
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2020-ci ilin ilk üç rübü ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 2,6 milyon dollar xərcləmişlər.
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.
Biznes əməliyyatları haqqında bu məlumat AÇG yatağının əməliyyatçısı kimi “BP Exploration (Caspian Sea) Limited” şirkəti, Şahdəniz yatağının əməliyyatçısı kimi “BP Exploration (Shah Deniz) Limited” şirkəti, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti tərəfindən, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, mətbuata açıqlanan birgə pres relizdir.