Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməyə hazırlaşır. Ölkəmizin müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi məhz bu məqsədə xidmət edir. FED.az xəbər verir ki,dörd seqmenti özündə birləşdirən və 40 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulan Cənub Qaz Dəhlizi “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələrindən ibarətdir. Bu layihənin icrasında - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Növbəti mərhələdə Cənub Qaz Dəhlizinə daha 3 Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro qoşulacaq. Buna görə də Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində mühüm əhəmiyyətə malikdir. Layihə həm mənbələrin, həm də marşrutların şaxələndirilməsinə hədəflənib. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması sayəsində Avropa yeni mənbədən - təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetr olan Azərbaycandan təbii qaz alacaq.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə nəql edən və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilə ilkin mərhələdə Türkiyəyə ildə 6 milyard kubmetr qaz göndəriləcək. Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələr beynəlxalq maliyyə qurumlarının marağını cəlb edib. Belə ki, indiyədək Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından (AIIB) birbaşa müvafiq olaraq 0,4 milyard və 0,6 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 500 milyon dollar, Asiya İnkişaf Bankından (ADB) 500 milyon dollar, Asiya İnkişaf Bankının zəmanəti ilə 524,5 milyon dollarlıq sindikatlaşdırılmış kredit və Dünya Bankı (World Bank) Qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə 750 milyon dollar məbləğində sindikatlaşdırılmış kredit cəlb olunub.
Lakin layihələrin icrası zamanı xərclərin azalması sayəsində Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı 2,75 milyard dollarlıq borclanmadan imtina edib. Birinci paket olaraq 2 milyard dollarlıq borclanmadan imtina edilib, MIGA-dan 750 milyon dollarlıq kreditin götürülməsinə isə ehtiyac qalmayıb.
Cənub Qaz Dəhlizi layihələrində layihələrdə Azərbaycanın mənafeyini qorumaq üçün yaradılan “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsi üçün 2014-2020-ci illər üzrə ümumi tələb olunan təqribən 11,5 milyard dollarlıq vəsaitin təqribən 90 faizədək hissəsi artıq reallaşdırılıb. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi üzrə maliyyə öhdəliklərinin 90 faizdən çoxunu icra edib. “Cənub Qaz Dəhlizi” QSC təkcə ötən il meqalayihənin bütün seqmentlərinə təqribən 1 milyard dollar investisiya xərclənib.
Ehtiyatı 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat olan nəhəng “Şahdəniz” yatağı
Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsinin əsasını 1999-cu ilin iyununda ehtiyatı 1,2 trilyon kubmetr qaz, 240 milyon ton kondensat olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi təşkil edir. 2006-cı ildən hasilata başlanılan yataqdan çıxarılan qaz “Şahdəniz-1” layihəsi üzrə Gürcüstan və Türkiyəyə Cənubi Qafqaz Boru Kəməri - CQBK (Bakı-Tbilisi-Ərzurum) ilə göndərilir. İndiyədək “Şahdəniz-1” layihəsi üzrə Gürcüstana 8 milyard kubmetrdən çox, Türkiyəyə isə 60 milyard kubmetrədək qaz ixrac olunub.
Dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi isə məhz Cənub Qaz Dəhlizinin əsas qaz mənbəyi olacaq. İndiyədək “Şahdəniz-2” üzrə hasilat və sonrakı tədrici artım üçün ümumilikdə 16 quyu qazılıb, bunlardan yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu, şərq-cənub cinahında 4 quyu və qərb cinahın cənub hissəsində 2 quyu tamamlanıb.
Bu ilin yanvar-iyun aylarında “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə ümumilikdə 8,4 milyard standart kubmetr qaz və təqribən 2 milyon ton (14,4 milyon barrel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir. İşlənmənin əvvəlindən bu vaxtadək “Şahdəniz”dən 27 milyon ton kondensat və 108 milyard kubmetrdən çox təbii qaz əldə olunub.
Cari ildə “Şahdəniz” strukturunun kəşfindən 65 il, yatağın kəşf edilməsində isə 20 il ötür.
Genişləndirilən Cənubi Qafqaz Boru Kəməri
Azərbaycan təbii qazının daha böyük həcmlərlə Türkiyəyə və Avropaya çatdırılması üçün isə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi icra edilib. Cənub Qaz Dəhlizinin digər tərkib hissəsi olan bu layihə Azərbaycan və Gürcüstan ərazilərindən keçən yeni 48 düymlük boru kəmərini, o cümlədən də Gürcüstanda 2 kompressor stansiyasını əhatə edir. Həmin layihə 2013-cü ildən icra edilməyə başlayıb və ötən ilin ortalarında yekunlaşdırılıb. Boru kəməri Gürcüstan-Türkiyə sərhədində TANAP-a qoşulub ki, bu da Azərbaycan qazının Türkiyəyə və buradan da Avropaya çatdırılmasına xidmət edir. Layihənin ümumi dəyəri 4,9 milyard dollardır. CQBKG üzrə 2020-ci ilədək Azərbaycan şirkətlərinin xərclərinin ümumilikdə 820 milyon dollar olacağı planlaşdırılır.
Genişləndirilən Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük qabiliyyəti 16 milyard kubmetr artırılaraq 23,4 milyard kubmetrə çatdırılıb. Bununla da, qaz nəqlinin həcmi 3 dəfəyədək artıb. Yeni boru kəmərinin uzunluğu Azərbaycan ərazisində 424 kilometr, Gürcüstan ərazisində 61 kilometr, TANAP-a bağlantısı isə 2 kilometrdir. Bu ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü 28 milyon kubmetrdən çox olub.
TANAP Türkiyəyə daha böyük həcmdə Azərbaycan qazı çatdırır
“Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.
2015-ci il martında Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməli qoyulub. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanır. 1850 kilometrlik boru xətti Türkiyə ərazisi boyunca 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçir.
Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Türkiyə bu vaxtadək TANAP-la 2,5 milyard kubmetrədək Azərbaycan təbii qazı alıb. İlin sonunadək bu həcm 4 milyard kubmetrə çatacaq.
TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması planlaşdırılır.
İlkin investisiya dəyəri 11,7 milyard dollar olan TANAP layihəsinin tikintisi zamanı 5 milyard dollaradək vəsaitə qənaət edilib. SOCAR və tərəfdaşlar isə layihənin ümumi xərclərini 40 faiz azaltmağa nail olublar.
Azərbaycan qazı TAP-la Avropaya çatdırılacaq
2013-cü il də “Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün TAP qaz boru kəmərinin seçildiyini elan edib. Uzunluğu 878 kilometr, diametri isə 48 düym olan TAP boru kəməri Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamıdır. TAP “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına salınıb.
2013-cü ildə Bakıda “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın Avropaya satışına dair Azərbaycan tərəfi ilə “Axpo Trading AG”, “Bulgargaz EAD”, “DEPA Public gas Corporation of Greece S.A.”, “Enel Trade SpA”, “E.ON Global Commodities SE”, “Gas natural Aprovisionamientos SDG SA”, “GDF Seuz S.A.”, “Hera Trading srl” və “Shell Energy Europe Limited” şirkətləri ilə uzunmüddətli sazişləri imzalanıb. Sazişlər “Şahdəniz” yatağından hasil ediləcək qazın İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasına dair 25 illik əməkdaşlığın təməlini qoyub. Bu şirkətlər ildə 10 milyard kubmetr qazı hərəsinə təxminən 1 milyard kubmetr olmaqla Bolqarıstan və Yunanıstanı təchiz etmək niyyətində olan alıcılara, qalanını isə İtaliyanı və ona bitişik bazar mərkəzlərini təchiz etmək niyyətində olan alıcılara ötürəcək. Bu sazişlərin ardınca isə həmin il dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarı imzalanıb.
Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi və Avropa hissəsi olan TAP-ın qaz boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP kəməri TANAP-la birləşərək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayır. Buradan boru TAP kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyada sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Artıq TANAP və TAP boru kəmərləri bir-birinə fiziki olaraq birləşdirilib.
TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olacağı gözlənilir. Layihənin ümumi dəyəri 4,5 milyard avrodur. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
Hazırda qrafik üzrə davam edən TAP layihəsi üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa edilir. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 88,5 faizi icra edilib. Boru kəmərinin quru hissəsinin tikintisi çərçivəsində Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların 99 faizi qaynaqlanıb. TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada boruların tikintisinə başlanılıb. Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin inşası aprelin sonunda turist fəaliyyətləri və sahilboyu ətraf mühitə heç bir təsir və ya müdaxilə olmadan tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin tamamlanması üzrə işlər davam edir. Hazırda qəbul terminalının inşasının 32 faizi yekunlaşıb. Həmçinin TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik hissəsində boruların 3 kilometri xəndəyə endirilib.
TAP-ın quru hissəsinin inşası çərçivəsində Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların 99 faizi torpağa basdırılıb. Həmçinin 3 ölkə üzrə marşrutun 95 faizindən çoxunda torpaq örtüyü bərpa olunub. İlin sonuna kimi Yunanıstan və Albaniya marşrutunda boruların 100 faizi torpağa basdırılacaq.
Boru kəmərinin inşası üzrə Albaniya sularında dəniz borularının tikintisi artıq başa çatıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq. Adriatik dənizində boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri isə beynəlxalq sularda döşənəcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək, 36 düymlük xəttin inşasında ümumilikdə 100 min ton ağırlığında təxminən 9 min boru istifadə olunacaq. “Saipem” dənizdəki tikinti işləri üçün təqribən 10 gəmidən istifadə edəcək.
TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına 2017-ci ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən 2 il müddətində başa çatdırılacaq.
Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP-la Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır. TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.
TAP Bolqarıstanın qaza olan tələbatının 40 faizini, Yunanıstanın tələbatının üçdə birini, İtaliyanın idxalının isə 12 faizini təmin edəcək.