İrandakı müharibə, onun nəticəsində bölgədə və dünyanın enerji bazarında baş verən dəyişikliklər Azərbaycan neftinin qiymətini kəskin artırıb.
Neftin hər 10 dollar bahalaşması Azərbaycanın ixrac gəlirini - 3 MİLYARD DOLLAR ARTIRIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dünən birjalarda keçirilən hərraclarda Azərbaycanın «Azeri light» markalı nefti daha 7 dollar bahalaşaraq 94 dolları keçib.
Belə ki, ötən gün neft 6,72 dollar bahalaşaraq 94,62 dollara yüksəlib. Xatırladaq kİ, bir gün əvvəl neftin qiyməti 87,90 dollar idi. Ümumilikdə isə İran ətrafındakı gərginlik başlayandan indiyədək, yəni fevralın 18-dən sonra neftin qiyməti 26 dollar bahalaşaraq 68 dollardan 94 dollara çatıb.
Bu – təxminən 40% bahalaşma deməkdir.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsində neftin qiyməti 65 dollardan götürülüb. Bu o deməkdir ki, hazırda real qiymətlər büdcədəki həddi 30 dollar üstələyir.
Xatırladaq ki, Niderlandın böyük maliyyə qruplarından olan "ING Group"un hesablamalarına görə, neftin qiymətinin hər 10 dollar/barel artması Azərbaycanın illik ixrac gəlirlərini təxminən 3 milyard dollar artırır. Bu isə ölkə iqtisadiyyatı üçün təxminən ÜDM-in 4%-i həcmində əlavə gəlir deməkdir.
Hazırda qiymətlərin büdcədəki həddən təqribən 30 dollar yüksəkdə olduğunu nəzərə alsaq, bu vəziyyətin ilin sonunadək davam etməsi (hərçənd ki, bu ehtimal çox aşağıdır) Azərbaycanın illik ixrac gəlirlərini əlavə 9 milyard dollar artıra bilər.
"ING Group" neft bazarındlakı son vəziyyətlə bağlı açıqlamasında deyib ki, Yaxın Şərqdə gərginliyin artması və enerji bazarlarında risklərin yüksəlməsi fonunda neft qiymətlərinin artması region ölkələrinin iqtisadi göstəricilərinə müxtəlif istiqamətlərdə təsir edir. Enerji ixrac edən ölkələr üçün bu proses əsasən müsbət nəticələr doğurur.
Analitiklərin hesablamalarına görə, neftin qiymətinin hər 10 dollar/barel artması Qazaxıstanın illik ixrac gəlirlərini təxminən 6 milyard dollar artırır. Bu isə ölkə ÜDM-nin təxminən 1,8%-i həcmində əlavə gəlir deməkdir.
Vurğulanıb ki, enerji qiymətlərinin yüksəlməsi enerji ixrac edən ölkələrin ticarət balansını gücləndirsə də, enerji idxal edən dövlətlər üçün inflyasiya risklərini artırır və cari hesab balansına təzyiq yaradır.
ING analitikləri bildirirlər ki, Yaxın Şərqdə münaqişənin davam etməsi enerji bazarlarında qiymətlərin yüksək qalmasına və region iqtisadiyyatlarında yeni makroiqtisadi risklərin yaranmasına səbəb ola bilər.
Xatırladaq ki, İran ətrafındakı hadisələr, eləcə də ABŞ və İsrailin İranda hərbi əməliyyatlara başlaması, nəticədə Yaxın Şərqdə yaranan vəziyyət dünya bazarında neftin qiymətini kəskin artırıb. İranın Hörmüz boğacını və Fars körfəzini bağlaması, qonşu ölkələrin neft-qaz infrastrkuturuna zərbələr endirməsi dünyada nefti və qazı da bahalaşdırıb.











