Bu ilin birinci yarısında Azərbaycan Avropaya 448 895,61 min ABŞ dolları dəyərində 2 012 020 340 kubmetr həcmində qaz ixrac edib.
Eləcə də bax: Azərbaycan qaz ixracından gəlirlərini - Kəskin Artırıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Avropaya ixrac edilən qazın 1 626 000 270 kubmetri (362 990,19 min dollar dəyərində) İtaliyanın, 266 460 000 min kubmetri (69 170,85 min dollar) Yunanıstanın, 119 560 070 mln. kubmetri isə (16 734,57 min dollar) Bolqarıstanın payına düşüb.
Bununla yanaşı, hesabat dövründə Azərbaycan Türkiyəyə 880 744,5 min dollarlıq 6 292 876 250 kubmetr qaz ixrac edib. Yanvar-iyun aylarında Azərbaycan Gürcüstana 252 805,83 min dollar dəyərində 1 989 974 200 kubmetr qaz nəql edib. Bununla yanaşı, hesabat dövründə Azərbaycan İrana 3 190,31 min dollar dəyərində 84 052 480 kubmetr qaz ixrac edib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.
Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir. (Apa)