2024-cü ildə “Abşeron” qaz-kondensat yatağının ikinci fazası ilə bağlı investisiya qərarının qəbul edilməsi planlaşdırılır.
AYİB Azərbaycan üzrə investisiya portfelində kəskin artımın səbəbini - AÇIQLADI
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev deyib.
“Bu il artıq 1,5 milyard kubmetr qaz “Abşeron” qaz yatağından çıxarılacaq. Bu, əlavə resursumuzdur. Bu il “Abşeron” qaz yatağının ikinci fazası ilə bağlı investisiya qərarı qəbul edilməlidir. Bu qərar qəbul olunarsa, əminəm ki, olunacaq, “Abşeron”da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək”, - deyə dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.
O, həmçinin bu ilin sonuna - dekabr ayına qədər “Azəri-Çıraq-Günəşli” yatağında “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qazın əldə olunacağına ümidvar olduğunu deyib. “Hər halda qarşıya belə vəzifə qoyulub”, - deyə prezident əlavə edib.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan böyük qaz ehtiyatlarına malikdir. “Bu, həm də “Şahdəniz” yatağıdır. (...) Ondan başqa, “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan”, “Qarabağ” - bütün bu yataqlarda bu gün hazırlığa doğru işlər gedir və onların da resurs bazası kifayət qədər böyükdür”, - deyə dövlət başçısı qeyd edib.
Xəbər verildiyi kimi, “TotalEnergies” və SOCAR 2023-cü il iyulun 10-da “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanıldığını elan edib. Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin iyul-noyabr aylarında “Abşeron” yatağından 600 milyon kubmetr təbii qaz və 240 min ton kondensat hasil edilib.
Hazırda İHS mərhələsinin hasilat gücü gündəlik 4,3 milyon kubmetr qaz və 1400 ton kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.
“Abşeron” layihəsində SOCAR və “TotalEnergies” hər biri 50% iştirak payına malik idi. Lakin 2023-cü il avqustun 4-də Abu Dabi Milli Neft Şirkəti (ADNOC) layihədə 30% iştirak payı (SOCAR və “TotalEnergies”in hər birindən 15% olmaqla) əldə edib. Satınalma tamamlandıqdan sonra SOCAR və “TotalEnergies”in hər birinin iştirak payı 35% təşkil edəcək.
“Abşeron” yatağının işlənməsi ilə “SOCAR Absheron” (50%) və “TOTAL E&P Absheron” (50%) tərəfindən təsis edilmiş “Joint Absheron Petroleum Operating Company” (JOCAP) məşğul olur. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. 2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. İlkin qiymətləndirmələrə görə, yataq 350 milyard kubmetr qaz və 100 milyon ton kondensat ehtiyatına malikdir. Yataq mərhələli şəkildə işlənəcək.
Hazırda AÇG-də “deep-gas” ehtiyatları 300 milyard kubmetr həcmində proqnozlaşdırılır. (İnterfaks-Azərbaycan)