"Milli iqtisadiyyatın yüksələn templə inkişafını təmin etmək məqsədilə təbii ehtiyatlardan səmərəli və qənaətlə istifadə edilməsi, icra və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ölkə Prezidenti tərəfindən təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində başlıca hədəf və prioritetlər kimi nəzərdə tutulub".
Eləcə də bax: Assosiasiya: “Azərbaycandakı bir sıra karxanalar fəaliyyətini dayandırıb”
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dağ-Mədən sektorunun inkişafı, islahatlar və yeni maliyyə mexanizmləri mövzusunda tədbirdə söyləyib.
O bildirib ki, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" dedikdə, ölkənin milli sərvətlərinin, mineral xammal ehtiyatlarının qorunması, təbii ehtiyatlardan səmərəli istifadə olunması, yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi və ən əsası bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi zərurəti yaranıb. Bu məqsədlə ölkə Prezidentinin müvafiq fərmanı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb.
Agentliyin əsas məqsədlərindən biri də bu sahədə müəyyən edilmiş qanunvericilik ilə tənzimlənən normalara və standartlara dürüst əməl olunmasına nəzarət, dağ-mədən sənayesində şəffaflığın təmin edilməsi və bu sahədə kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır".
Nazir qeyd edib ki, aparılan islahatlar və bu sahəyə dövlətin nəzarətinin artırılmasına baxmayaraq hələ də yer təkindən istifadə zamanı qanunvericilik ilə müəyyən edilmiş normalara və standartlara uyğun olmadan istismar işləri aparılmaqdadır: "Bildiyiniz kimi çaylarda qum-çınqıl yataqları ehtiyatları bərpa olunan sərvətlərə aiddir. Lakin əksər hallarda çay yataqlarından götürülən qum-çınqıl xammalı bərpa prosesini dəfələrlə üstələdiyi üçün istismar dərinliyi nəzərdə tutulan həddini aşır, bu da ciddi ekoloji problemlər yaradır. Nəticədə çayların ətrafında olan strateji infrastruktura (hidrotexniki qurğulara, körpü və bəndlərə) real təhlükə yaratmaqla ekzogen geoloji proseslərin (sürüşmə, çökmə və s.) yaranmasına səbəb olur.
Qum-çınqıl, o cümlədən əhəngdaş karxanalarının yerləşdiyi ərazilərin təbii landşaftı ciddi olaraq korlanır. Çay vadilərində faydalı qazıntıların sistemsiz şəkildə istismarı nəticəsində əmələ gəlmiş çoxsaylı iri çuxurlar, çökəklər və təpəciklər eybəcər bir mənzərə yaradır. Həmçinin, daş karxanalarında köhnə texnoloji avadanlığın istifadəsi, istismar başa çatmış yataqlarda rekultivasiya işlərinin aparılmaması ciddi ekoloji fəsadlar yaradır. Məlum olduğu kimi, dağ-mədən sektorunda azad rəqabət mühitinin formalaşdırılması və şəffaflığın təmin edilməsi üçün bu ildən etibarən yerin təkinin istifadəyə verilməsi hərraclar vasitəsi ilə həyata keçirilir. Artıq Agentlik, Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə 16 yataq sahəsində 40 Lot üzrə hərrac keçirilərək yer təki sahələri istifadəyə verilib. İlin sonuna qədər daha 29 Lot üzrə hərracın keçirilməsi nəzərdə tutulur".