Güclü sel Tovuzun ucqar dağ kəndlərindən olan Çeşməlidə fəsadlar törədib.
Hava şəraiti pisləşdi: Aqrar Sığorta Fonduna müraciətlər başlandı
FED.az xəbər verir ki, kənddən keçən Əsrik çayına sel gəlib. Nəticədə çayətrafı əkin sahələri və evlərin həyətyanı sahələri su altında qalıb. Torpaq qatının yuyulması evlərin təməlinə bir metr məsafəyə qədər yaxınlaşıb. Sakinlər mövcud problemin həlli istiqamətində aidiyyəti qrumlara müraciət ediblər.
Vəziyyətlə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, həmin evlərin sakinlərinə dəfələrlə xəbərdarlıq edilib ki, evlərinizi təbii fəlakətlərə qarşı icbari sığorta elətdirin. Lakin əksər vətəndaşlar müraciətlərə səhlənkar yanaşdıqları üçün bu gün təbii fəlakətin ziyanlarını qarşılamaq müşkül məsələyə çevrilir. Hazırda zərərçəkmiş şəxslərin bir neçəsinə yenidən kənd icra nümayəndəliyi tərəfindən icbari sığorta üçün arayışlar təqdim edilir. Bu da növbəti belə halın təkrarlanacağı halda dəyəcək ziyanın qarşılanması istiqamətində atılan addımlardan biri kimi dəyərləndirilir. Zərərçəkmiş şəxslərin Fövqəladə Hallar Nazirliyinə müraciəti əsasında araşdırma aparılacağı da vurğulanıb.
İsmayıllı rayonuna yağan dolu isə təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.
Dünən saat 17:30 radələrində İsmayıllı şəhərinə və ətraf kəndlərə güclü küləklə müşayiət olunan dolu düşüb. Talıstan və Diyallı kəndinə təxminən 5 dəqiqə yağan dolu əkin sahələrinə, meyvə bağlarına, evlərin dam örtüyünə ziyan vurub, Talıstan kəndinə elektrik verilişi dayanıb. Külək bir neçə ağacı aşırıb, bəzi tikililərin dam örtüyünü qoparıb, elektrik naqilləri və rabitə xətləri qırılıb. Kəndin bəzi məhəllələrini sel suları basıb.
Quba-Xaçmaz avtomobil yolunda isə sel suları avtomobillərin hərəkətinə çətinlik yaradıb. Qısamüddətli leysan yağışları zamanı Bakı-Quba-Rusiya ilə sərhəddə olan ödənişli avtomobil yol qovşağı sel suları ilə dolub. Əraziyə polis əməkdaşları cəlb olunub, aidiyyəti qurumlara məlumat verilib. (Xezerxeber.az)