Son günlər Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, temperaturun aşağı düşməsi, leysan yağışları, ayrı-ayrı rayonlarda dolu və qar yağıntıları əkin sahələrinə, bağlara zərər vurub.
Bu il Azərbaycanda fermerlərə dəymiş zərərlər üzrə ödənişlər - 2,2 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondunun məlumatına görə, mayın 4-dən başlayaraq rayonlarda hava şəraitinin kəskin dəyişməsi nəticəsində təsərrüfatlarına zərər dəymiş fermerlər 1651 Çarğı Mərkəzinə müraciət edərək Aqrar Sığorta Fondunu məlumatlandırırlar.
Son üç gündə təsərrüfatlara zərər dəyməsi ilə bağlı Çağrı Mərkəzinə 7 rayon üzrə 20 müraciət daxil olub. Müraciətlər Kürdəmir, Beyləqan, Ağcabədi, Biləsuvar, Zərdab, Quba və Qusar rayonlarında fəaliyyət göstərən fermerlər tərəfindən edilib.
İlkin məlumata görə, kəskin hava şəraiti, güclü yağış, dolu və qar yağıntıları qeyd olunan rayonlarda ayrı-ayrı təsərrüfatlar üzrə arpa, buğda, pambıq əkinlərinə, alça və gilas bağlarına zərər vurub.
Fermerlərin müraciətləri əsasında bölgələrə ekspertlərin ezam olunması nəzərdə tutulur. Ekspertlər sığortalanmış təsərrüfatlara dəyən zərəri yerində aktlaşdıraraq Aqrar Sığorta Fonduna təqdim edəcəklər.
Aqrar Sığorta Fondu fermerləri hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələrinin təsirindən qorunmaq üçün təsərrüfatlarını sığortalamağa çağırır.
Qeyd edək ki, bu ilin ilk rübü ərzində Aqrar Sığorta Fondu tərəfindən fermerlərə dolu hadisələri üzrə 503 min manat, sel-subasmaya görə isə 101 min manat sığorta ödənişi edilib.
Aqrar sığorta şərtləri və Aqrar Sığorta Fondunun fəaliyyəti, o cümlədən aqrar sığorta tarifləri və sığorta haqları barədə geniş məlumatı Fondun www.asf.gov.az rəsmi internet səhifəsindən almaq mümkündür.
Fermerlər “Sığorta kalkulyatoru” bölməsinə daxil olaraq sığortalayacaqları məhsulu seçib ödəniləcək məbləği özləri də hesablaya bilərlər.
Əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının sığortalanması üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə və ya bölgələrdəki filiallarına müraciət etmək kifayətdir.