Prezident İlham Əliyev “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” fərman imzalayıb.
FED.az-ın məlumatına görə, fərmana əsasƏn Əmlak Məsələləri Dövlət Komitəsi milli məkan məlumatlarının formalaşdırılmasının, daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin, o cümlədən metaməlumatların formalaşdırılmasının təmin edilməsi məqsədilə “Milli Məkan Məlumatları” informasiya sistemini yaratsın və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün zəruri tədbirlər görsməlidir.
ELƏCƏ DƏ BAX: Neft Fondunun büdcəsi təsdiqləndi - FƏRMAN, RƏQƏMLƏR
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər:
- milli məkan məlumatlarını bu Fərmanla təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası qaydalarına” və standartlara müvafiq olaraq elektron qaydada formalaşdırılmasını təmin etməlidirlər;
- milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi məqsədilə sahibi və ya operatoru olduqları dövlət informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təşkil etməlidirlər.
Nazirlər Kabineti:
- milli məkan məlumatlarının siyahısını və təsnifatını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməli;
- milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməli;
- “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamənin layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
- milli məkan məlumatlarının formalaşdırılması ilə bağlı standartların hazırlanması üçün zəruri tədbirlər görməli;
- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
-bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmanda müəyyən edilən milli məkan məlumatlarının ilkin mənbəyini və onları formalaşdıran aidiyyəti dövlət qurumlarının siyahısını müəyyən etməlidir.
Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası QAYDALARI
1. Ümumi müddəalar
1.1. “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” (bundan sonra – Qaydalar) “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanının 1.7-ci bəndinə əsasən hazırlanmışdır və milli məkan məlumatlarının formalaşdırılması, aktuallığının təmin edilməsi və inteqrasiyası, o cümlədən milli məkan məlumatları üzrə xidmətlərin göstərilməsi ilə bağlı qaydaları müəyyən edir.
1.2. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. milli məkan məlumatı – Azərbaycan Respublikası ərazisində müəyyən məkan, ərazi və coğrafi bölgə ilə birbaşa və ya dolayısı ilə əlaqəli olan istənilən məlumat;
1.2.2. metaməlumat – milli məkan məlumatlarının təsviri, formalaşdırılması, əldə edilməsi və idarə olunması, o cümlədən milli məkan məlumatları üzrə xidmətlərin göstərilməsi ilə bağlı məlumat toplusu;
1.2.3. milli məkan məlumatları üzrə xidmətlər – milli məkan məlumatlarının informasiya texnologiyaları vasitəsilə əldə edilməsinə və istifadəsinə imkan yaradan xidmətlər;
1.2.4. milli məkan məlumatları infrastrukturu – milli məkan məlumatları toplusunu, metaməlumatları, milli məkan məlumatları üzrə xidmətlərin göstərilməsini, texnologiyaları, milli məkan məlumatlarının və metaməlumatların əldə edilməsini, formalaşdırılmasını, mühafizəsini, idarə olunmasını, mübadiləsini və istifadəsini, standartlarını, monitorinq və koordinasiya mexanizmini nəzərdə tutan proseslərin məcmusu;
1.2.5. Milli Məkan Məlumatları informasiya sistemi (bundan sonra – MMM informasiya sistemi) – milli məkan məlumatlarının toplanmasını, emalını, idarə edilməsini, inteqrasiyasını və xidmətlərin göstərilməsini təmin edən dövlət informasiya sistemi;
1.2.6. baza məkan obyekti – zamana və fəzada yerləşmə vəziyyətinin dayanıqlılığına görə fərqlənən, dəqiq təsvir edilən və başqa obyektlərin mövqeləndirilməsinə imkan verən fəza obyekti;
1.2.7. baza məkan məlumatı – istənilən yaxın məkan obyektinin koordinatlarının müəyyənləşdirilməsi üçün istifadə edilən baza məkan obyektinin koordinat təsviri;
1.2.8. Geoportal – milli məkan məlumatlarının axtarılmasını, əldə edilməsini və xidmətlərin göstərilməsini təmin edən informasiya ehtiyatı;
1.2.9. milli məkan məlumatlarının monitorinqi – milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrdən daxil olan məlumatlar əsasında təsdiq edilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirləri.
1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı, o cümlədən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.4. MMM informasiya sisteminin yaradılmasını, idarə olunmasını, fəaliyyətinin təşkilini və inkişafını sistemin operatoru (bundan sonra - Operator) – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi təmin edir.
1.5. “Elektron hökumət” portalının (bundan sonra – Portal) altsistemi olan Geoportalın yaradılmasını, idarə olunmasını, fəaliyyətinin təşkilini və inkişafını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra - Əlaqələndirici qurum) təmin edir.
1.6. Milli məkan məlumatlarının formalaşdırılmasını, əldə edilməsini, idarə olunmasını, aktuallığının təmin edilməsini və mühafizəsini dövlət qurumları səlahiyyətlərinə uyğun olaraq həyata keçirirlər.
1.7. Dövlət qurumları tərəfindən milli məkan məlumatlarının təkrar formalaşdırılmasına yol verilmir.
1.8. Dövlət informasiya ehtiyatlarında və sistemlərində formalaşdırılan, əldə edilən və istifadə olunan milli məkan məlumatları və metaməlumatlar Azərbaycan Respublikasının mülkiyyətidir.
1.9. Milli məkan məlumatları infrastrukturunun formalaşdırılması, idarə olunması, aktuallığının təmin edilməsi, inteqrasiyası və mühafizəsi ilə bağlı xərclər dövlət büdcəsi və normativ hüquqi aktlarla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.
2. Milli məkan məlumatlarının formalaşdırılması
2.1. Milli məkan məlumatlarının formalaşdırılması bu Qaydalara uyğun olaraq, o cümlədən qabaqcıl beynəlxalq standartlar və Azərbaycan Respublikasının bu sahədə qəbul olunmuş normativ hüquqi aktları nəzərə alınmaqla həyata keçirilir.
2.2. Milli məkan məlumatları aşağıdakı məqsədlər üçün formalaşdırılır:
2.2.1. milli məkan məlumatlarından istifadə imkanlarının yaradılması;
2.2.2. təkrar məlumatların yaradılmasına yol verilməməsi və büdcə vəsaitinə qənaət edilməsi;
2.2.3. dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində səmərəliliyin və effektivliyin artırılması;
2.2.4. dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
2.2.5. milli məkan məlumatlarından ərazi planlaşdırılması sənədlərinin, infrastruktur layihələrinin, sosial-iqtisadi inkişaf və ekoloji proqramların hazırlanmasında istifadə edilməsi;
2.2.6. milli məkan məlumatlarından səmərəli istifadəni təmin etmək üçün onların təsnifatlaşdırılması.
2.3. Baza məkan məlumatlarının əsasını dövlət torpaq kadastrı, daşınmaz əmlakın dövlət reyestri, geodeziya, rəqəmsal ortoşəkillər, rəqəmsal relyef modeli, nəqliyyat şəbəkəsi, hidroqrafik şəbəkə və inzibati ərazi bölgüsü vahidləri təşkil edir.
2.4. Milli məkan məlumatlarını Əlaqələndirici qurumun müəyyən etdiyi ilkin mənbələr üzrə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əsasən səlahiyyətli dövlət qurumları formalaşdırır.
2.5. Milli məkan məlumatları dövlət qurumları tərəfindən həmin məlumatların yaradılması, toplanması, digər dövlət qurumlarından, yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən əldə edilməsi yolu ilə formalaşdırılır.
2.6. Əlaqələndirici qurumun müəyyən etdiyi siyahıya müvafiq olaraq ilkin mənbəni formalaşdırmalı olan dövlət qurumları milli məkan məlumatlarını formalaşdıraraq elektron formatda öz informasiya sistemlərinə və ehtiyatlarına daxil edir və həmin məlumatları inteqrasiya yolu ilə MMM informasiya sisteminə göndərirlər.
2.7. İnformasiya sistemlərinə və ehtiyatlarına malik olmayan dövlət qurumları formalaşdırdıqları Milli məkan məlumatlarını elektron formatda MMM informasiya sisteminə Operator tərəfindən yaradılan inteqrasiya pəncərəsi vasitəsilə göndərirlər.
2.8. Dövlət qurumlarının formalaşdırdıqları milli məkan məlumatları aero, peyk və ya digər vasitələrlə təsdiq edilməlidir.
2.9. Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrdən daxil olan məlumatlar əsasında təsdiq edilməsi məqsədilə Operator mütəmadi monitorinqlər keçirir. Milli məkan məlumatları monitorinq nəticəsində Operator tərəfindən təsdiq edildikdən sonra real vaxt rejimində MMM informasiya sisteminə daxil edilir.
2.10. Monitorinqlər zamanı aşkar edilən uyğunsuzluqlarla bağlı mübahisələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həll edir.
2.11. Operator milli məkan məlumatlarını rəqəmsal xəritə üzərində yerləşdirir.
2.12. Metaməlumatlar dövlət qurumları tərəfindən MMM informasiya sisteminə göndərilən, daxil edilən və həmin sistem vasitəsilə göstərilən xidmətlər üzrə toplanılan məlumatlar əsasında formalaşdırılır.
2.13. Metaməlumatlara daxildir:
2.13.1. milli məkan məlumatları toplusu;
2.13.2. milli məkan məlumatlarını formalaşdıran dövlət qurumları;
2.13.3. milli məkan məlumatlarının istifadəsi ilə bağlı məlumatlar, o cümlədən istifadə məqsədləri və ödənişlər;
2.13.4. milli məkan məlumatlarından istifadə ilə bağlı məhdudiyyətlər və onların səbəbləri;
2.13.5. milli məkan məlumatları üzrə xidmətlər.
3. Milli məkan məlumatlarından istifadə
3.1. Əldə edilməsi qanunla məhdudlaşdırılan məlumatlar istisna olunmaqla, dövlət qurumları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən milli məkan məlumatlarından istifadə Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya və Portal vasitəsilə təmin edilir.
3.2. Əldə edilməsi qanunla məhdudlaşdırılan milli məkan məlumatlarından “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunları, o cümlədən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada istifadə edilir.
3.3. Aktual və etibarlı milli məkan məlumatlarından sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
3.3.1. dövlət qurumlarının funksiyalarının, hüquqlarının və vəzifələrinin yerinə yetirilməsi;
3.3.2. dövlət qurumlarının qərar qəbul etməsi və idarəetmə zamanı keyfiyyətin və effektivliyin artırılması;
3.3.3. ərazi planlaşdırılması sənədlərinin, infrastruktur layihələrinin, sosial-iqtisadi inkişaf proqramlarının və ekoloji proqramların hazırlanması;
3.3.4. beynəlxalq səviyyədə və ölkə daxilində ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlər görülməsi;
3.3.5. təhsil və ya elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi;
3.3.6. yerli özünüidarəetmə orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi;
3.3.7. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi;
3.3.8. qanunvericiliklə qadağan edilməyən digər məqsədlər.
3.4. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan dövlət qurumlarının milli məkan məlumatlarından istifadəsi onların informasiya ehtiyatları və sistemləri bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
3.5. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan dövlət qurumlarının, habelə yerli özünüidarəetmə orqanlarının və hüquqi şəxslərin milli məkan məlumatlarından istifadəsi onların Portalda yaradılan elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda dövlət qurumlarının, habelə yerli özünüidarəetmə orqanlarının və hüquqi şəxslərin möhür hüquqlu rəhbər şəxsi tərəfindən Portalda qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxsləri gücləndirilmiş elektron imza ilə Portalda identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq, milli məkan məlumatlarından istifadə edirlər.
3.6. Fiziki şəxslər gücləndirilmiş elektron imza ilə Portalda identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq, milli məkan məlumatlarından istifadə edirlər.
3.7. Hüquqi və fiziki şəxslərə Portal vasitəsilə milli məkan məlumatlarının formalaşdırılmasında iştirak imkanı yaradılır. Hüquqi və fiziki şəxslərin Portalda yaradılan elektron kabinetləri vasitəsilə təqdim etdikləri milli məkan məlumatları aidiyyəti dövlət qurumları tərəfindən təsdiq edildikdən sonra MMM informasiya sisteminə daxil edilir.
3.8. Milli məkan məlumatlarından istifadə ilə bağlı dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin aşağıdakı hüquqları vardır:
3.8.1. milli məkan məlumatlarını əldə etmək;
3.8.2. milli məkan məlumatlarının MMM informasiya sisteminə daxil edilməsi üçün həmin informasiya sistemi və portal vasitəsilə müraciət etmək, müraciətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və müddətdə baxılmanı tələb etmək;
3.8.3. milli məkan məlumatlarının verilməsindən imtinadan inzibati qaydada və məhkəməyə şikayət etmək;
3.8.4. MMM informasiya sistemi vasitəsilə milli məkan məlumatlarının formalaşdırılmasını həyata keçirən dövlət qurumlarına sorğular göndərmək, həmin sorğulara cavab almaq;
3.8.5. MMM informasiya sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
3.8.6. bu Qaydalardan irəli gələn digər hüquqları həyata keçirmək.
3.9. Milli məkan məlumatlarından istifadə ilə bağlı dövlət qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə bu Qaydaların 6.0.7-ci və 6.0.8-ci yarımbəndində qeyd edilən xidmətlər göstərilir.
3.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında milli məkan məlumatlarının və metaməlumatların transsərhəd ötürülməsi və istifadəsi mümkündür.
3.11. Milli məkan məlumatları üzrə xidmətlər, bu Qaydaların 3.3.1-3.3.5-ci yarımbəndlərində və 3.10-cu bəndində qeyd edilən hallar istisna olmaqla, ödənişli qaydada göstərilir.
3.12. Milli məkan məlumatlarından istifadəyə görə ödənişləri (xidmət haqqı) Operatorun təklifləri əsasında Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir. Qeyd edilən ödənişlərdən toplanan vəsait Operator tərəfindən milli məkan məlumatları infrastrukturunun idarə edilməsinin və təkmilləşdirilməsinin maliyyələşdirilməsinə sərf edilir.
3.13. Dövlətin və cəmiyyətin təhlükəsizliyi və beynəlxalq maraqları nəzərə alınaraq milli məkan məlumatlarından istifadə qismən və müvəqqəti məhdudlaşdırıla bilər.
3.14. Azərbaycan Respublikasının normativ hüquqi aktlarında başqa hallar nəzərdə tutulmadıqda, Portaldan istifadəçiyə verilmiş elektron sənədin möhürlə təsdiq edilmiş, əl ilə imzalanmış sənədə bərabər hüquqi qüvvəsi vardır.
4. Milli məkan məlumatlarının inteqrasiyası
4.1. Milli məkan məlumatlarının mübadiləsi Elektron Hökumət informasiya sistemi vasitəsilə təmin edilir. Dövlət qurumları milli məkan məlumatlarını MMM informasiya sisteminə göndərmək və onlardan istifadə etmək üçün öz informasiya ehtiyatlarının və sistemlərinin Elektron Hökumət informasiya sisteminə qoşulmasını təmin edirlər.
4.2. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Elektron Hökumət informasiya sisteminə qoşulması Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir.
4.3. Dövlət informasiya ehtiyatına və sisteminə malik olmayan dövlət qurumları milli məkan məlumatlarını MMM informasiya sisteminə göndərmək və onlardan istifadə etmək üçün sistemdə və Portalda yaradılan inteqrasiya pəncərəsinə daxil olurlar.
4.4. Bu Qaydaların 4.3-cü bəndində qeyd edilən dövlət qurumları formalaşdırılan milli məkan məlumatlarını MMM informasiya sisteminə göndərmək və onlardan istifadə etmək üçün məsul şəxslər müəyyən edirlər. Qeyd edilən məsul şəxsləri dövlət qurumlarının möhür hüquqlu rəhbər şəxsi Portalda qeydiyyatdan keçirir və onlara müvafiq hüquqlar verir.
4.5. Məsul şəxs MMM informasiya sisteminə və Portala girişi, o cümlədən məlumatların göndərilməsini gücləndirilmiş elektron imzadan istifadə edilməklə həyata keçirir. Məlumatlar daxil edilərkən mötəbərliyi təmin etmək üçün onlar məsul şəxsin gücləndirilmiş elektron imzası ilə imzalanır.
4.6. Məlumatların mübadiləsi hər bir məlumat üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi təsnifata uyğun formalaşdırılan unikal identikləşdirmə kodu vasitəsilə həyata keçirilir.
5. Milli məkan məlumatlarını formalaşdıran dövlət qurumlarının funksiyaları
5.0. Milli məkan məlumatlarının formalaşdırılması ilə bağlı dövlət qurumlarının aşağıdakı funksiyaları vardır:
5.0.1. Əlaqələndirici qurumun müəyyən etdiyi ilkin mənbə üzrə milli məkan məlumatlarını formalaşdırmaq, o cümlədən formalaşdırdığı milli məkan məlumatlarının aktuallığını, tamlığını və mühafizəsini təmin etmək;
5.0.2. formalaşdırdığı və ya dəyişiklik etdiyi milli məkan məlumatlarını dövlət informasiya ehtiyatına və sisteminə daxil etmək, milli məkan məlumatlarını həmin informasiya sistemləri və ya inteqrasiya pəncərəsi vasitəsilə MMM informasiya sisteminə göndərmək;
5.0.3. milli məkan məlumatlari infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı operatora təkliflər vermək, o cümlədən operatorun təklifləri əsasında müvafiq tədbirlər görmək;
5.0.4. milli məkan məlumatları ilə bağlı Operatorun monitorinq aparmasına şərait yaratmaq, zəruri məlumatları operatora təqdim etmək;
5.0.5. milli məkan məlumatlarının formalaşdırılması və istifadəsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, tətbiq etmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla (təşkilatlarla) əməkdaşlıq etmək;
5.0.6. bu Qaydalardan irəli gələn digər funksiyaları yerinə yetirmək.
6. Operatorun funksiyaları
6.0. Operatorun funksiyaları aşağıdakılardır:
6.0.1. milli məkan məlumatları infrastrukturunun formalaşdırılması, istifadəsi, saxlanılması və inkişaf etdirilməsi ilə bağlı tədbirlər görmək üçün aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət işçi qruplar yaratmaq, o cümlədən işçi qrupların fəaliyyətinə ekspert və mütəxəssislər cəlb etmək;
6.0.2. aidiyyəti dövlət qurumları ilə birlikdə milli məkan məlumatları infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı perspektiv və illik tədbirlər planlarını hazırlamaq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
6.0.3. milli məkan məlumatları infrastrukturunun istifadəsi və inkişafı ilə bağlı aidiyyəti dövlət qurumlarına təkliflər vermək, bu sahədə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;
6.0.4. milli məkan məlumatlarının elektron informasiya ehtiyatını, o cümlədən metaməlumatları dövlət informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyası və MMM informasiya sistemində yaradılan inteqrasiya pəncərəsi vasitəsilə formalaşdırmaq;
6.0.5. aidiyyəti dövlət qurumları ilə birlikdə milli məkan məlumatlarının mühafizəsini, aktuallığını, tamlığını və əlçatanlığını təmin etmək;
6.0.6. milli məkan məlumatları ilə bağlı monitorinqlər aparmaq, bu məqsədlə aidiyyəti dövlət qurumlarından məlumatlar almaq;
6.0.7. MMM informasiya sistemində “açar söz” əsasında axtarış imkanını yaratmaq;
6.0.8. MMM informasiya sistemində hər hansı bir hissəsinin görüntülənməsi, götürülməsi, köçürülməsi, miqyasının artırılması-azaldılması, yüklənilməsi, formatının dəyişdirilməsi və birbaşa əldə edilməsi imkanını yaratmaq;
6.0.9. milli məkan məlumatları üzrə xidmətlərdən sərbəst və maneəsiz istifadəni təmin etmək;
6.0.10. milli məkan məlumatları və metaməlumatlar ilə bağlı təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumlar keçirmək, o cümlədən nəşrlər buraxmaq;
6.0.11. öz fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat vermək;
6.0.12. bu Qaydalardan irəli gələn digər funksiyaları yerinə yetirmək.
Yeni Qayda – TƏSDİQLƏNDİ- TAM MƏTN
19:19
28 Dek 2018