Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən FED.az-a verilən məlumata görə, təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olan yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdirilib.
Yeni vəsiqələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən “Elektron imza” sertifikatları ilə təmin edilib.
Bu sertifikatların biri identifikasiya (tanınma) üçün nəzərdə tutulub. Yəni yeni vəsiqələr internet mühitində də vətəndaşın kimliyini müəyyən edəcək.
İkinci sertifikat isə vətəndaşa istənilən yerdən sənəd mübadiləsi aparmaq üçün elektron imzalama üstünlüyü verir.
Qanunvericiliyə uyğun olaraq, 10-15 yaşlı vətəndaşların vəsiqələrinə kimliyin identifikasiyası üçün yalnız bir sertifikat, yaşı 15-dən yuxarı olan vətəndaşların vəsiqələrində isə iki sertifikat – həm identifikasiya, həm də imzalama sertifikatı mövcud olacaq.
“Elektron hökumət” portalına giriş, həmçinin buradakı xidmətlərdən istifadə etmək üçün məhz yeni şəxsiyyət vəsiqələrindən yararlanmaq mümkündür.
Tərkibində “Elektron imza” sertifikatları olan bu vəsiqələrdən bank, səhiyyə xidmətlərindən istifadə və “Elektron ticarət” zamanı da yararlanmaq mümkün olacaq.
Yeni nəsil şəxsiyyət vəsiqələrindəki “Elektron imza” sertifikatları 5 il müddətində etibarlıdır. Bu müddət başa çatdıqdan sonra vətəndaşın müraciəti əsasında müddət növbəti 5 ilə qədər uzadıla bilər. Məlumat üçün bildirək ki, yeni nəsil elektron şəxsiyyət vəsiqələri 10 il müddətinə verilir.
Vəsiqələrdən elektron imzalama zamanı istifadə etmək üçün lazımi proqramlar kompüterə yüklənərək kartoxuyucu vasitəsilə e-id kart kompüterlə əlaqələndirilməlidir. Proqramları www.eid.az saytından yükləyə və yükləmə təlimatı ilə tanış ola bilərsiniz.
“Elektron imza” sertifikatının istifadəsi ilə bağlı yaranan istənilən sualla əlaqədar “157” Çağrı Mərkəzinə müraciət etmək mümkündür.
Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Yeni nəsil şəxsiyyət vəsiqələri “Elektron imza” da olacaq
17:32
31 Avq 2018