Xarici İşlər Nazirliyi (XİN) yeni növ təhlükəli koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.
FED.az XİN-in yaydığı məlumatı diqqətə çatdırır.
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayıldığını və qlobal müstəvidə bu xüsusda təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, o cümlədən bəzi ölkələrdə fövqəladə vəziyyətin elan olunduğunu diqqətə alaraq, Azərbaycan vətəndaşlarından xarici səfərlərdən çəkinmələrini və yalnız ciddi zərurət olduğu halda bu səfərləri həyata keçirmələrini ciddi şəkildə tövsiyə edirik.
Vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu xüsusda yaydığı məlumatları ilə tanış olmalarını və ÜST-ün yeni koronavirusdan qorunmaq üçün tövsiyələrinə əməl etmələrini xahiş edirik: https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/advice-for-public
Hazırda Azərbaycan hökuməti tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ciddi tədbirlər görülür və istər Azərbaycan, istərsə də xarici ölkələrdəki bütün vətəndaşlarımızın sağlamlığının təmin edilməsi məqsədilə görülən bu tədbirlər barədə məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən mütəmadi şəkildə yayılır.
Xarici ölkələrdəki vətəndaşlarmızdan hazırda olduqları ölkələrin COVID-19 virusu ilə əlaqədar müəyyən etdikləri karantin qaydalarına riayət etmələri, bu ölkələrdəki Azərbaycanın Səfirlik və Konsulluqlarının yaydığı məlumatları izləmələrini və üzləşdikləri hər hansı problemlə bağlı diplomatik nümayəndəliklərimiz ilə əlaqə saxlamalarını xahiş edirik. Diplomatik nümayəndəliklərimiz tərəfindən bu xüsusda “qaynar xətt”lər fəaliyyət göstərir. Vətəndaşlarımız, həmçinin müraciətlərini XİN-in “[email protected]” elektron ünvanına göndərə bilərlər.
Azərbaycanın xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
COVID-19 infeksiyasının yayılma təhlükəsi ilə əlaqədar, Azərbaycanın bəzi ölkələr ilə hava və quru yolları ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırılıb. Bu xüsusda, xarici ölkələrdəki və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlarımızın ölkəyə geri qayıtmaq mexanizmləri barədə məlumatlar əlavə olaraq vətəndaşlarımızın diqqətinə çatdırılacaq. COVID-19 infeksiyasının yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlarımız müayinədən keçiriləcəklər və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaqlar.
Üzləşdiyimiz çətinliklər müvəqqəti xarakter daşıyır və onların öhdəsindən gəlmək üçün hər birimizin səfərbər olması və müəyyən olunan qaydalara əməl etməsi zəruridir.
azərtac