Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov işindən azad edilib. FED.az xəbər verir ki, bu haqda sərəncam yaxın saatlarda elan olunacaq.
Xatırladaq ki, X.İsgəndərov əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər olaraq başlayıb, 1984-1985-ci illərdə Qubadlı rayonu İstehlak Cəmiyyətində Sədr Müavini vəzifəsində, hərbi xidmətdən qayıtdıqdan sonra isə 1987-1991-ci illərdə Abşeron rayonu Təsərrüfat hesablı Univermaqda əmtəəşünas vəzifəsində, 1991-1992-ci illərdə Xızı rayonu İstehlak Cəmiyyətinin ticarət şöbəsinin müdiri vəzifəsində, 1992-2001-ci illərdə “Azər” təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışıb.
2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi münasibətilə “Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib. Azərbaycan prezidentinin 26 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Xaləddin İsgəndərov keçmiş Vergilər Naziri Fazil Məmmədovun qudasıdır.