"Birləşmiş Ştatlar başqa ölkələr özünə gələnə qədər özünün nüvə potensialını artıracaq. Amma sonra Vaşinqton bu prosesi dayandırmağa və hətta silahların azaldılmasına başlamağa hazır olacaq".
FED.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, bu bəyanatla ABŞ prezidenti Donald Tramp jurnalistlər qarşısında çıxış edib.
Trampın sözlərinə görə, ABŞ nüvə silahlarının sayını Rusiya və Çin "özlərinə gələnə qədər" artıracaq.
"Bizdə onlardan daha çox pul var. Onlar özlərinə gələnə qədər silah istehsal edəcəyik. Nə vaxt onlar özlərinə gəlsələr, biz də ağıllı olacaq və dayanacağıq. Və nəinki dayanacağıq (silah istehsalını dayandıracağıq- red ), həm də sayını (silahların-red) azaldacağıq. Biz bunu bu gün məmnuniyyətlə edərdik. Amma bu gün onlar sazişə əməl etmirlər", - deyə Ağ Ev rəhbəri bildirib.
Tramp əlavə edib ki, onun sözləri Rusiya, Çin və bu oyunda oynamaq istəyən digər dövlətlər üçün təhlükədir.
"Belə olmaz. Mənimlə belə oynamaq olmaz", - ABŞ prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, Çin də orta və kiçik mənzilli raketlərin ləğvinə dair razılaşmaya qoşulmalıdır. "Çin bu sazişə daxil deyil, lakin o, razılaşmaya daxil olmalıdır", - deyə Ağ Ev rəhbəri qeyd edib.
Qeyd edək ki, ABŞ prezidenti daha əvvəl Birləşmiş Ştatların orta və yaxın mənzilli raketlər (OYMR) üzrə razılaşmadan çıxacağını bildirib. Ağ Ev rəhbəri rəsmi Moskvanı razılaşmanı pozmaqda ittiham edib.