Alkaqollu içkilər sahəsində böyük pozuntular olur.
FED.az xəbər verir ki, bunu fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev bildirib.
Eləcə də bax: “Bu pullar kiminsə cibinə gedirdi...” - İLHAM ƏLİYEV
O çıxışı zamanı qeyd edib:
Əfsuslar olsun ki, bizdə alkoqollu içkilər sahəsində böyük pozuntular olur, statistika tam baş-ayaq idi. Nəyə görə? Çünki araq da istehsal edir, şərab da. Amma yazır ki, mən filan məhsulu istehsal etmişəm, çünki daha çox pul qazansın. Əlbəttə, buna da son qoyulur və qoyulacaq. Hər sahədə şəffaflıq olmalıdır, bunu hamı bilsin. Ona görə belə bicliklər gərək keçmişdə saxlansın.
Misal üçün meyvəçilikdə. 240 milyon dollarlıq meyvə ixrac olunub, artım 11 faiz. Amma bu meyvənin içində fındıq da var. 125 milyon dollarlıq fındıq ixrac olunub, artım 33 faiz. Nəyin hesabına? Yenə də dövlətin hesabına. Mən o vaxt göstəriş verdim ki, fındıq bağları salınsın. Bizim 30 min hektar sahədə fındıq bağımız var idi. İndi biz bunu 80 min hektara çatdırmışıq. Kim edib? Dövlət edib. Bəs, sahibkar özü niyə gedib əkmir? Yaxşı, baramanı da dövlət edib, pambığı da dövlət edib, nə vaxta qədər? Sahibkar da gedib etsin. İndi pambıqdan, fındıqdan böyük pul əldə edir, çox yaxşı, qoy, daha da varlansın. Amma özü də bir təşəbbüs göstərsin.
Biz bu işləri onsuz da aparacağıq. Çünki bu, dövlətimiz üçün lazımdır, sahibkar da bizim vətəndaşımızdır. Sahibkar da onlarla, yüzlərlə, bəlkə də minlərlə işçini saxlayır, ona maaş verir. Ona görə burada bu birliyin, bu konfransların məqsədi nədir?! Burada oturanların bir hissəsi yerli icra başçıları, mərkəzi icra orqanlarının rəhbərləri və sahibkarlardır. Bu konfransın ikinci hissəsində açıq söhbət aparılmalıdır. Daha şüarlar, hansısa bəyanatlar lazım deyil. Açıq söhbət olmalıdır, problem nədir, həlli yolu nədir sahibkar desin. Dövlət nümayəndəsi də ona desin ki, o, harada pozuntulara yol verir, dostcasına desin ki, “get bunu düzəlt, bax, son dəfə sənə deyirəm, düzəltməsən, onda özündən küs”. Bu gün burada, bax, bu məsələlər müzakirə olunmalıdır. Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi - bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq, bəziləri göz yumurdular, sövdələşirdilər. Daha bu dövr bitdi. Mən sizə bunu deyirəm, qurtardı. Ona görə mən dediyim kimi işləməlisiniz, vəssalam.