Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə səyyar vergi yoxlaması ilə bağlı əsaslı dəyişiklik və əlavələr nəzərdə tutulub. FED.az xəbər verir ki, iqtisadçı ekspert Qalib Toğrul bu sahədəki əsas dəyişiklikləri şərh edib:
1. Vergi Məcəlləsinə dəyişikliklərdə təklif olunur ki, yol vergisi üzrə də “digər vergilər” kimi səyyar vergi yoxlaması həmin yoxlamanın keçirildiyi ildə daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə etsin. Fərq ondadır ki, hazırda yol vergisi üzrə səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri kimi vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini əhatə edir.
2. Hazırda səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması yalnız Vergilər Nazirliyinin əsaslandırılmış qərarı ilə mümkündür. Yanvarın 1-dən isə inventarizasiyanı elə vergi orqanının özü əsaslandırılmış qərarı ilə apara biləcək.
3. İnventarizasiyanın aparılmasına əsas verən halların sırasına, aksiz markraları ilə bağlı tələbləri nəzərdə tutan bəndə yeni hallar təklif edilir: “məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə”
4. Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) ilə bağlı bəndə də əlavə təklif edilir. Hazırda səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək, ancaq 9 aydan çox olmamaq şərtilə yoxlama dayandırılır. Yanvarın 1-dən dayandırlmaya əsas kimi vergi və ya maliyyə məsələləri üzrə məsul şəxsin əmək qabiliyyətini müvəqqəti itirməsi halı da əlavə olunacaq.
5. Hazırda Vergi Məcəlləsinin tələblərinə görə, sənədlərin və nümunə kimi əşyaların gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00 qədər olan müddətə) götürülməsinə yol verilmir. Dəyişkiliklərdə təklif olunur ki, bu bənd ləğv olunsun, əvəzinə “Sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülür” yazılsın.
6. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması ilə bağlı mühüm dəyişikliklər təklif olunur. Hazırda 10 gün müddətində vergi oranının rəhbəri və ya onun müavini aşağıdakı qərarlardan birini şıxarırdı:
- vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;
- - vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;
- - əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında.
Dəyişikliklərdə bu qərarların siyahısına daha 3-ü artırmaq təklif olunur:
- əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması;
- əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi;
- yeni qərarın qəbul edilməsi.
Beləliklə vergi orqanın qərar qəbul etmək imkanları artırılır. Və ən maraqlı məqam ondan ibarətdir ki, yeni əlavə olunmuş 3 qərardan birinin çıxarılması yalnız növbədənkənar səyyar vergi yoxalamasına münasibətdə tətbiq oluna bilər.
7. Yanvarın 1-dən səyyar vergi yoxlaması zamanı maliyyə sanksiyaları tətbiq olunan halların sayı da artırılacaq. Bu hallara “qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda” və “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları olmadıqda” aiddir.
8. Sanksiyaların məbləğində də dəyişikliklərin edilməsi təklif olunur: pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 (hazırda 5) faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 (hazırda 10) faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Burada digər bir dəyişkilik “il ərzində” ifadəsinin “təqvim ili ərzində” ifadəsilə əvəz olunmasıdır. Qeyd edək ki, bunlar fərqli anlayışlardır.