Şəxsi obyektini öz şirkətinə istəfadəyə verənlər vergi ödəməli olacaqlar. FED.az xəbər verir ki, bu barədə «Bakinar Consulting» şirkətindən bildirilib.
«Təsisçinin şəxsi obyekti vardırsa, onu icarəyə vermədən müəssisəsinin istifadəsinə verə bilərmi?» sualına cavab olaraq şirkətdən bildirilib ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.
Eyni zamanda təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Buna əsasən təsisçi fiziki şəxsə məxsus daşınmaz əmlakın hüquqi şəxsə istifadəyə verilməsi zamanı icarəyə verən və icarəçi arasında bazar qiyməti nəzərə alınmaqla icarə müqaviləsi bağlanmalı və ödənilən icarə haqqından ödəmə mənbəyinə 14 faiz dərəcə ilə vergi tutulub bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.
Bu cavab Mülki Məcəllənin 700.1-ci və Vergi Məcəlləsinin 14-cü, 18-ci, 33.2-ci, 124.1-ci və 150-ci maddələrinə əsaslanıb.
Şəxsi obyektini öz şirkətinə verənlər də vergi ödəməlidir - YENİLİK
08:43
19 Sen 2018