Koronavirusla mübarizəyə görə, prezident İlham Əliyevin sərəncamı ilə ayrılan 1 milyard manat vəsaitin əsasən hansı istiqamətlərə sərf ediləcəyi məlum olub.
FED.az xatırladır ki, sərəncama əsasən bu vəsaitlər virusun yaratlığı problemlərin Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasına sərf edilməlidir.
Bu sərəncam manata təzyiqi artırmayacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bu vəsaitin ayrılması dövriyyəyə əlavə pul kütləsinin buraxılması deyil, ona görə də manata təzyiqləri artırmayacaq:
«Vəsait dövlət büdcəsindən ayrıldığından emissiya xarakteri daşımır və pulkütləsinin artımını şərtləndirmir, beləliklə, monetar şəraiti yumşaltmaqla manatın məzənnəsinə və qiymətlərə təzyiq göstərmir».
Ayrılan 1 milyard manat vəsait ÜDM-in 1,2 faizini və dövlət büdcəsinin 3,7 faizini təşkil etdiyinə görə, təsiri də güclü olacaq. Yeri gəlmişkən, Azərbaycanda «dəstək proqramı»nın ÜDM-də və dövlət büdcəsində xüsusi çəkisi MDB məkanında bu göstərici üzrə ən yüksəkdir.
Keçən il toplu maliyyə balansının gəlirlərinin (proqnoza əsasən) 34,1milyard manatı və ya 53,5 faizini müəssisə və təşkilatların resursları təşkil edib. Toplu maliyyə balansının təhlili göstərir ki, müəssiə resurslarının 86 faizini mənfəət, 14 faizini isə amortizasiya ayırmaları təşkil edir.
İlk növbədə müəssisələrə dəstək veriləcək
V.Qasımlı bildirib ki, «Dəstək proqramı» ilk növbədə müəssisələrin dayanıqlılığını təmin etməlidir ki, biznes ayaqda qala bilsin: «Çünki biznesin xilası, onun iflası nəticəsində yaranan sosial-iqtisadi təsirlərin aradan qaldıdılması ilə müqayisədə daha ucuz başa gəlir».
İcraçı direktor bildirib ki, «Dəstək proqramı»nın reallaşması həm də «kölgə iqtisadiyyatı»nın azalmasına xidmət edəcək: «Çünki biznes dövlətdən dəstək almaq üçün həm də balansını «ağartmalı» olacaq. Xüsusilə, məşğulluğu daha geniş miqyasda təmin edən biznesə dəstək daha geniş olmalıdır».
Diqqət mərkəzində olacaq sahələr
Məşğulluğun 14,5 faizini təmin edən ticarət və nəqliyyat vasitələrinin təmiri, 4,2 faizini təmin edən nəqliyyat və anbar təsərrüfatı, 1,6 faizini təmin edən turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizini təmin edən istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət “Dəstək proqramı”nın mərkəzində olacaq.
Bütün hallarda ödənişli ictimai işlər, özünü məşğulluq və ünvanlı sosial yardım kimi layihələrin əhatə dairəsinin artırılması gündəmdədir. «Məhsul və xidmətlər hesabı»nın təhlili göstərir ki, ötən il 203,7 milyon manat təşkil edən «məhsula və idxala subsidiyalar»ı bu il daha da artırmaqla prioritet sektorları dəstəkləmək mümkündür.
Ödənilməyən borclara diqqət ayrılacaq
İcraçı direktor bildirib ki, Qlobal şokların təsiri altında həm əhali, həm də müəssisələr səviyyəsində ödəməmələr və borclar problemi meydana çıxır. «Dəstək proqramı» zərər çəkən sektorlara, sahibkarlara, muzdlu işçilərə və aztəminatlı insanlarımıza dəstəyi nəzərdə tutur.
Azərbaycan xarici dəstək almayıb
Azərbaycan dövləti koronaböhranla mübarizədə heç bir xarici dəstəyə arxalanmadan, yalnız öz resursları ilə fəaliyyət göstərir. Hansı ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı başda olmaqla beynəlxalq qurumlar koronaböhranla mübarizədə ehtiyacı olan dövlətlərə yardım etməyə başlayıblar. Azərbaycan ÜST-in «COVID-19 müraciəti» adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı etməklə həm də qlobal səviyyədə sosial məsuliyyətini ifadə edib».